09:30 09-06-2016
news_image
2580
DİGƏR NÖVLƏR

Mariya Şarapovanın cəzası açıqlandı

Rusiyalı tennisçi Mariya Şarapovaya verilən cəzanın müddəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan ulduz idmançı 2 il müddətinə diskvalifikasiya olunub.

 

Bunu Beynəlxalq Tennis Federasiyası açıqlanıb. Yanvarın 26-da Avstraliya açıq turnirində qanında “meldoni” tapılan Mariyanın cəzası yanvarın 1-dən hesablanacaq. Buna səbəb bu preparatın istifadəsinə həmin tarixdə qadağa qoyulmasıdı.

 

Karyerası ərzində 5 dəfə “Böyük Dəbilqə”nin qalibi olan 29 yaşlı tennisçi isə günahsız olduğunu açıqlayıb.

 

Martın 12-dən kortlara çıxmasına icazə verilməyən Şarapova İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək: “Məhkəmənin qərarı doğru deyil. Bu maddəni bilərəkdən və istəyərəkdən qəbul etməmişəm. Haqsız yerə 2 il tennisdən uzaq qalacağam. Bu səbəbdən dərhal CAS-a müraciət edəcəm. Mənim tennis oynamağımın qarşısını almaq istəyirlər. Azarkeşlərimlə bir arada olmaq və tennis oynamaq istəyirəm. İnandığım və doğru olduğunu bildiyim şeylər üçün vuruşacağam. Ən qısa zamanda kortlara dönəcəyəm”.

 

Qeyd edək ki, dopinqdən istifadədə günahlandırılan və bu səbəbdən Rio Olimpiadasını buraxacaq Şarapova ilə 3 böyük şirkət sponsorluq müqaviləsini uzatmayacağını da açıqlayıb. Mariya BMT-nin xoşməramlı səfiri titulundan da məhrum edilib.