14:08 12-06-2016
news_image
566
STOLÜSTÜ OYUNLAR

“Olimpiadada layiqli çıxış etməyə çalışacağıq”

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası məşqləri davam etdirir.  Apasport.az saytının məlumatına görə, ilk təlim-məşq toplanışına  6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

 

Hazırlıq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq.  Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.

Komandanın məşqçisi Emil Sutovski Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibəsində hazırlıq barədə danışıb: “Bu şahmatçılarla əvvəllər də birgə işləmişik. Ona görə heç bir problemimiz yoxdur. Hazırlıq üçün yüksək səviyyədə şərait yaradılıb. Böyük potensiala malik şahmatçılardı. Onlarla işləmək olduqca maraqlıdır.

İlk hazırlıq mərhələsində debüt - açılış üzərində işləyirik. Şahmatda debüt çox vacibdir. Müasir şahmatda debütdən çıxmaq əsas problemlərdən biridir. Şahmatçılarla müxtəlif debütlər üzərində çalışırıq. Özümlə kompyuterdə çoxlu material gətirmişəm. Debütlə yanaşı müxtəlif variantlar zamanı gedişləri öyrənirik. Ümumi müzakirə zamanı maraqlı məlumatlar əldə olunur. Bu gün beşinci məşq günümüzdür. Hazırlıqdan razıyam.

Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır. Azərbaycan paytaxtında dünyanın ən güclü komandaları və şahmatçıları mübarizə aparacaq. Ölkənin ikinci komandası kimi layiqli çıxış etməyə çalışacağıq. Reytinqə görə 40 komanda arasında qərarlaşırıq. Məqsədimiz mümkün qədər yaxşı çıxış etməkdir. Əgər şahmatçılar bacardıqları oyunu göstərsələr ilk onluğa düşmək mümkündür".

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq.