15:00 13-06-2016
news_image
1254
STOLÜSTÜ OYUNLAR

“Azərbaycan yığması onlara dəstək olanları sevindirmək üçün çalışacaq” - FOTO

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir. Apasport.az saytının məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası hazırlığın ilkin mərhələsini Qəbələdə keçir. 

 

Millimiz burada fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.

Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: “Çox gözəl məkanda məskunlaşmışıq. Hazırlıq üçün lazımi şərait yaradılıb. Azərbaycan millisinin heyətində dünyanın tanınmış qrossmeysterləri yer alıb. Bu mənada bir-birimizi çox yaxşı başa düşürük. Bakı Şahmat Olimpiadasının Azərbaycan millisi üçün böyük əhəmiyyət daşıdığını bilirəm. Azərbaycan millisi daim mötəbər yarışlarda favoritlər sırasında olub. Hər zaman güclü heyətiylə seçilən komanda müxtəlif vaxtlarda Avropa çempionatında uğur qazanıb. 42-ci Ümumdünya Şahmat Olimpiadasında da Azərbaycan şahmatçıları onlara dəstək olanları sevindirmək üçün çalışacaq". 

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında olacaq. Millinin xarici yığmalardan biriylə yoldaşlıq görüşünün keçirməsi də planlaşdırılır.