15:34 13-06-2016
news_image
578
DİGƏR NÖVLƏR

Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və İdman Nazirliyinin açıqlaması

Gənclər və İdman Nazirliyi Azərbaycan ağırlıqqaldırma yığmasının 6 üzvünün dopinq testdən keçə bilməməyi haqda açıqlama yayıb. Nazirlikdən apasport.az saytına verilən xəbərə görə, açıqlamada cəzalanan atletlər haqda çıxarılan qərardan apelyasiya vermək hüququna malik olduğu bildirilir.

 

Qeyd olunur ki, nazirlik daima dopinqlə mübarizə aparır:  “Əfsuslar olsun ki, ağırlıqqaldıranımız (Elxan Əliquluzadə, Silviya Anqelova, Firidun Quliyev, Valentin Xristov, İntiqam Zairovun hər biri 8, Dadaş Dadaşbəylinin 4 il) dopinqə düşərək, diskvalifikasiya olunublar. Gənclər və İdman Nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadı.  Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridi. Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq. Qeyd edək ki, dopinqlə mübarizə məqsədi ilə, 10 ildən artıqdı ki, Gənclər və idman nazirliyinin nəzdində  dopinqlə mübarizə şöbəsi yaradılıb. Nazirliyin MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən  ölkələr arasında ilk “üçlük”də olduğunu xüsusi vurğulamaq kifayətdi”.

 

Ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı da nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb: “Lakin, bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim-məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidi. Diqqətə çatdırmaq istərdik ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazımi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq”.

 

Nazirlik bəyan edib ki, baş verən dopinq qalmaqalı ilə bağlı lazımi tədbirlər görüləcək: “Bildirmək istərdik ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək, öz hüquqlarını müdafiə etmək imkanı var. Gənclər və İdman Nazirliyi Ağır Atletika Federasiyası ilə birgə bu istiqamətdə işlər aparır”.