10:00 17-06-2016
news_image

Bakıda lisenziya turniri başladı

Bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin heç bir üzvü rinqə çıxmayacaq.

 

Belə ki, püşkə əsasən boksçularımız ilk mərhələdən azaddı. 49 kq çəki dərəcəsində Rio üçün döyüşəcək 1/8 finalda Daniel Peres (Dominikan Respublikası) – Po-Vey Tu (Çin Taypeyi) cütünün qalibini gözləyir. Onun ilk görüşü iyunun 20-nə təsadüf edəcək.

 

Ondan fərqli, Kamran Şahsuvarlının (75 kq) yarışa 1/16 finaldan qatılacaq. Həmyerlimizin rəqibi bu gün gücünü sınayacaq Lay Kalenqa (Belçika) və ya Aryon Kaloşi (Albaniya) olacaq. Şahsuvarlı rinqə iyunun 20-də çıxacaq.

 

İlk mərhələdən azad olan Teymur Məmmədov isə 1/16 finalda Quojun Şi (Çin) – Mexrubon Sanqinov (Tacikistan) cütünün güclüsü ilə qarşılaşacaq. Onun döyüşü iyunun 19-da olacaq.

 

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turnirinə 105 ölkədən 469 boksçu mübarizə aparacaq. Turnirdə ümumilikdə Rio üçün 39 vəsiqə öz sahibini tapacaq. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəki dərəcələrində ilk “beşlik”, 49 kq-da finalçılar, 91 kq və +91 kq çəki dərəcəsində isə çempion Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.