12:37 17-06-2016
news_image
553
DİGƏR NÖVLƏR

Bakıda “Formula-1” həyəcanına start verildi - FOTO

“Formula-1” üzrə Avropa Qran-prisində iştirak edəcək bütün komandalar, bolidlər, pərəstişkarlar artıq yeni şəhər trekinə ev sahibliyi edəcək Bakıdadı. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, iyunun 16-sına təyin olunan trek içi və trek xarici tədbirlər hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalıb.

 

3 günlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, “Formula-1” həyatını daha yaxından izləmək şansına malik olublar. Pitleyn yolunda izləyicilər komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesinə şahidlik ediblər.

 

F1 Şəhərciyinin açılışı

Azneft dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları – həmçinin F1 Şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açılıb. Tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilərlər.

 

Azarkeşlərin ən sevimli yeri Oyun Zonası ərazisi F1 şəhərciyində qurulub. Sürət sevən fanatlar simulyatorlarda test edərək özlərini əsl F1 sürücüsü kimi hiss edə biləcəklər. İzləyiciləri hava turbini və dırmanma divarı kimi həyəcanlı attraksionlar gözləyir.

 

Əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxildi. Müxtəlif maili enişlərdən və relslərdən ibarət yarımdairəvi skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

 

Bakı Şəhər Halqası əyləncə proqramında azyaşlı uşaqları olan ailələri də unutmayıb. Uşaqlar üçün əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.

 

Artıq seçilmiş pilotların ilk mətbuat konfransı da keçirilib. Bakıda ilk dəfə keçiriləcək “Formula-1” yarışının rəsmi elçisi, “MakLaren” komandasının pilotu və ikiqat dünya çempionu Fernando Alonso Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Burada olan azarkeşlər “Formula-1” haqqında çox məlumatlıdırlar və yarışı səbirsizliklə gözləyirlər. Yarış üçün artıq hər şey hazırdı. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidi ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur”.

 

“Ferrari” komandasının pilotu Sebastian Fettel də Azərbaycanda iştirak edəcəyi ilk yarış öncəsində müsbət əhval-ruhiyyədədi: “Hesab edirəm ki, trek (Bakı Şəhər Halqası) həyəcanverici görünür. Mən iyunun 17-də boliddə əyləşib trekdə sürüş edərək bu həyəcanı hiss etməyi səbirsizliklə gözləyirəm. Pit Yoluna giriş bir az çətinlik törədəcək, ancaq yenə də hesab edirəm ki, biz məhz bunun üçün buradayıq”.

 

“Uilliams” komandasının pilotu Valteri Bottas da Bakı treki haqqında oxşar təəssüratlara malik olduğunu bildirdi və qeyd etdi ki, ötən həftə Kanadada keçirilmiş yarışı 3-cü yerdə bitirdikdən sonra “Formula-1” təqvimindəki ən yeni şəhər trekini sınaqdan çıxarmağı gözləyir: “Monreal həqiqətən də bolidimiz üçün yaxşı treklərdən biridi, bu trek tamamilə bizim avtomobilin gücünə uyğundu. Ancaq qarşıda da bir sıra yaxşı yarışlar mövcuddu. İnanmıram ki, Bakı Şəhər Halqası bizimçün çox çətin olsun. Bununla yanaşı ondan sonra gələn üç yarış üçün də eyni fikirdəyəm. Tam əminəm ki, biz yenə də yaxşı həftəsonu yaşayacağıq. Əgər bolidi daha da yaxşılaşdırmağa çalışsaq, biz podiuma çıxa bilərik və bu məhz bizim komanda olaraq hədəfimizdi”.

 

“Sahara Force India” komandasının pilotu Niko Hulkenberq hesab edir ki, bu yeni trek bütün sürücülərdən daha yüksək səviyyədə mübarizə tələb edir: “Bu yeni bir trekdi. Bu haqda heç bir fakt və məlumat yoxdu, pilotlar da indiyədək bu trekdə dövrə vurmayıblar. Buna görə də, hamı sıfırdan başlayacaq və bu olduqca maraqlı olacaq. Sözsüz ki, trek həyəcanverici görünür və biz artıq buna şahid olmuşuq”.

 

Avtoqraf sessiyalar

Avropa Qran-prisinin ilk günündə F1 Şəhərciyinin səhnəsində pərəstişkarlar öz qəhrəmanları ilə avtoqraf sessiyalarında görüşüblər. “Mercedes”, “Red Bull”, “Toro Rosso” və “Ferrari” pilotları ilə görüş fanatlar üçün əsl hədiyyə olub.