16:38 22-06-2016
news_image
699
STOLÜSTÜ OYUNLAR

“İkinci komandanın da diqqət mərkəzində olacağını bilirik”

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, hazırlığın ilk mərhələsinə 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. 

 

Şahmatçılar təlim-məşq toplanışı barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıb:

Qədir Hüseynov bildirib ki, hazırlıqdan razı qalıb: “Sözsüz ki, ilk təlim-məşq toplanışından sonra konkret fikir bildirmək çətindi. Bakı Şahmat Olimpiadası hər bir şahmatçı üçün çox vacibdi. Olimpiadaya tam hazır olmaq üçün təlim-məşq toplanışlarının köməyi böyükdü. Komandada mehribanlıq var. Şahmatçılar bir-birini yaxşı başa düşür. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik".

Vasif Durarbəyli isə Emil Sutovskinin rəhbərliyi altında hazırlaşmaq hər zaman xoşdu: “Biz Sutovskini çoxdan tanıyırıq. Komanda üzvləri arasında yaxşı münasibət var. Bakı Şahmat Olimpiadasında ikinci komandanın da diqqət mərkəzində olacağını bilirik. Hazırlıq üçün yüksək səviyyədə şəraitin yaradıldığını söyləməliyəm. Mötəbər yarışda mümkün qədər yaxşı çıxış etməyə çalışacayıq". 

Namiq Quliyev hazırlıqda maraqlı müzakirələrin getdiyini vurğulayıb: "Açılışlar üzərində çalışdıq. Kompüter vasitəsilə müxtəlif gedişlərlə bağlı müzakirələr apardıq. Uğur qazanmaq üçün üzərimizdə işləməliyik. Olimpiadaya kifayət qədər vaxt var. Bizə yaradılan şərait yüksək səviyyədədi. Şahmat oynamaq üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadası hər birimizin karyerasında mühüm yer tutacaq. Yaxşı nəticələrlə hamını sevindirmək istərdik".

Nicat Abbasov da kapitanla işləməyin maraqlı olmasından danışıb: "İlk hazırlıq paytaxt Bakıda oldu. Emil Sutovskiylə əvvəllərdə işləmişik. "Odlar Yurdu" komandasında Sutovskinin rəhbərliyi altında Avropa Kubokunda mübarizə aparmışıq. Onunla çalışmaq həm maraqlıdı, həm də xeyirli. Hər birimizin zəif və üstün cəhətlərini bilir. Əsas məqsədimiz ilk onluğa düşməkdən ibarət olacaq".

Vüqar Rəsulov isə Olimpiadada güclü rəqabət olacağını qeyd edib: “Hər bir komanda uğur qazanmaq üçün çıxış edəcək. Ölkəmizin ikinci komandası üçün olimpiada sınaq sayılacaq. Hər birimiz daha yaxşı oynamaqla iddiamızı nümayiş etdirə bilərik. Komanda üzvləriylə yaxşı münasibətimiz var. Olimpiadanın yadda qalan komandalarından biri olmağa çalışacayıq".  

Ülvi Bacarani də Olimpiadada iştirak etməyin yığma üzvlüyü üçün vacibliyindən danışıb. O bildirib ki, paytaxtımızda keçirilən yarışda layiqli çıxış etmək başlıca məqsəd sayılır.

Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.