14:58 23-06-2016
news_image
1164
DİGƏR NÖVLƏR

“Formula 1”: Söküntü işləri 6 həftə davam edəcək

“4 gün öncə Azərbaycan çox böyük bir yarışa – “Formula-1” üzrə Avropa Qran-prisinə ev sahibliyi etdi. Bunu ən gözəl şəkildə reallaşdırdı. Heç kim turnirin bu qədər gözəl şəkildə təşkilini gözləmirdi. Amma Azərbaycan bunu bacardı”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

 

Demontajla bağlı danışan avstraliyalı mütəxəssis bildirib ki, söküntü işləri bundan sonra 6 həftə davam edəcək: “Trek ətrafındakı baryerlər, tribunalar, Pit binası, bir sözlə, tikintilərin hamısı müvəqqəti xarakterli idi. Hazırda onların söküntüsünə başlamışıq. Bu proses ümumilikdə 6 həftə davam edəcək. Konstitusiya Məhkəməsinin qarşısındakı və “Azneft” dairəsindəki tribunaların da söküntüsünə start verilib”.

 

O qeyd edib ki, nəqliyyatın hərəkəti üçün bütün əsas yollar artıq açılıb. Butçer, eyni zamanda, mağazalar, binaların girişi üçün hər hansı əngəl törədən maneələrin aradan qaldırıldığını da vurğulayıb: “Artıq şəhər sakinlərinin və nəqliyyatın tam fasiləsiz hərəkəti təmin olunub”.

 

Yarış obyektinin tikintisi üzrə rəhbəri sökülən avadanlıqların xüsusi anbarda saxlanılacağını da deyib. Onun sözlərinə görə, bu məqsədlə 3 böyük anbar da ayrılıb: “Üstü qapalıdı. Bütün avadanlıqlar və qurğular hamısı orada yerləşdiriləcək. Növbəti ildən əvvəl onlar çıxarılıb, təmizlənib, yenidən quraşdırılacaq. Biz bu il bir az əziyyət çəkmişik. Amma gələn il bunun ikiqatını edəcəyik ki, daha yaxşısını reallaşdıraq”.

 

ABŞ-dan gətirilmiş xüsusi təhlükəsiz baryerləri “Formula-1” yarışda ilk dəfə Bakıda istifadə olundu. Butçer bu maneələrlə yanaşı, bir çox qurğuların Azərbaycan tərəfindən alındığını açıqlayıb. Lakin o, bəzi avadanlıqların icarəyə götürdüyümüzü də istisna etməyib: “Sürücülər Bakıda böyük təcrübə yaşadılar. Baryerlər demək olar ki, yalnız künclərdə yerləşdirilməmişdi. Bakıda da pilotlar məhz orada qəzalar törətdi. Bu səbəbdən də həmin baryerlərə heç bir zərər dəymədi. Növbəti illərdə də onlardan istifadə edəcəyik. Bildiyiniz kimi, müqaviləyə əsasən yarış 5 il burada keçirilməlidi. Bu illər istifadə edəcəyimiz, istər baryer, istərsə də avadanlıqlar, tribunalar olsun, onlar alınıb. Lakin bir hissəsi də icarəyə götürüb. Qarşıdakı 5 ili ən yüksək səviyyədə keçirdikdən sonra növbəti 5 il üçün vəziyyətə baxılacaq. Əgər yenə Bakıda olacaqsa, bu baryerlərdən, avadanlıqlardan istifadə ediləcək. Yarışda tamaşaçılar, bütün dünya izləyiciləri böyük zövq və həyəcan yaşadılar. Ümid edirik ki, növbəti ildə daha çox maraq olacaq. Biz də bu səbəbdən daha yüksək səviyyədə hazırlaşacağıq”.

 

Asfalt qatının keyfiyyətinə cavabdehlik daşıyan mütəxəssis pilotların Bakı trekinin sürüşkən olması ilə bağlı açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, sürücülərin çoxu paytaxta gəlib, trekdə bolidlərini idarə etmədən açıqlamalar verib: “Bu tənqidlərə o qədər də ciddi yanaşmaq lazım deyil. Onlar bura gəldilər, trek, asfalt qatı yenidi və trekdə sürdükdən sonra Bakıdan böyük məmnuniyyətlə ayrıldılar. Yəni yeni trekdə, yeni asfaltda belə hadisələrə rast gəlmək mümkündü. Ancaq ümumilikdə, həm mütəxəssislərin, hər də sürücülərin qənaəti ondan ibarət oldu ki, Bakı treki digərləri ilə müqayisədə həm təhlükəsizdi, həm də yürüş baxımından çox idealdı”.