10:24 27-06-2016
news_image
709
DİGƏR NÖVLƏR

Avropa çempionatında 9-cu yer

Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə Avropa çempionatı keçirilib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycanı 2 kayakçı və 2 kanoeçi təmsil edib. 

 

Onlardan ən yaxşı nəticəni kanoeçi Valentin Demyanenko göstərib. 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finaladək irəliləməyi bacarıb. Seçmə yürüşdə o, finişə 40,784 saniyəyə çataraq, belaruslu Artyom Kozır (39,832), macarıstanlı Conatan Hajdu (40,016) və fransalı Tomas Simartdan (40,144) geri qalıb. Əvəzində Demyanenko slovakiyalı Lyubomir Haqara (41,104), almaniyalı Yan Vandrey (42,196), ispaniyalı Fransisko Luenqo (42,364) və estoniyalı Dmitri Fyodorovu (44,012) üstələyərək, yarımfinala yüksəlib. 

 

Növbəti mərhələdə titullu kanoeçimiz eyni məsafəni 40,724 saniyəyə qət edərək, ikinci yeri tutub. Nəticədə o, ukraynalı Aleksandr Maksimçuk (40,524) və almaniyalı Yan Vandreylə (40,900) birgə finala çıxıb. Sonrakı 6 yeri tutan polşalı Miçal Lubnyevski (40,944), slovakiyalı Lyubomir Haqara (41,660), italiyalı Nikolae Krakyun (42,756), ispaniyalı Fransisko Luenqo (42,800), latviyalı Martin Burkovski (42,972) və rumıniyalı Adi-Aurelian Qrozuta (55,920) mübarizəni dayandırıb. 

 

Həlledici yürüş isə Demyanenko üçün uğurlu olmayıb. Finişə 41,084 saniyəyə çatan kanoeçimiz 9 finalçı arasında sonuncu yeri tutub. Əvəzində Avropa çempionu adını hazırda Rusiya yığmasında çıxış edən Azərbaycan millisinin sabiq üzvü Andrey Kraytor qazanıb. O, finişə 39,080 saniyəyə çataraq, ardıcıl ikinci il qitə birincisi olub. "Bakı 2015" I Avropa Oyunlarının qalibi, litvalı Henrikas Justautas (39,432) gümüş, belaruslu Artyom Kozır (39,440) bürünc medal qazanıb. Demyanenko ukraynalı Aleksandr Maksimçuk (39,816), çexiyalı Martin Fuksa (39,984), macarıstanlı Conatan Hajdu (40,008), almaniyalı Yan Vandrey (40,160) və fransalı Tomas Simartdan (40,492) da geri qalıb. 

 

Digər kanoeçimiz Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşdə 4 dəqiqə 6,376 saniyə nəticə ilə 4-cü, yarımfinalda 4 dəqiqə 35,940 saniyə göstərici ilə 9-cu yerlə kifayətlənib. 500 metr məsafəyə seçmə yürüşdə o, 1 dəqiqə 50,988 saniyəyə 4-cü, yarımfinalda 1 dəqiqə 52,600 saniyəyə 6-cı yeri tutub. Hər iki məsafəyə yürüşlərdə Kupin finala yüksəlməyi bacarmayıb.  

 

Kayakçı Mirnazim Cavadov və Yevgeni Karabutadan ibarət duet 2 nəfərlik qayıqla (K-2) 200 metr məsafəyə seçmə yürüşdə 33,868 saniyə göstərici ilə 6-cı, yarımfinalda 34,236 saniyə nəticə ilə 8-ci yeri tutub. Bu cütlük 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 38,376 saniyə nəticə ilə 6-cı, yarımfinalda 1 dəqiqə 33,936 saniyə nəticə ilə 5-ci yeri tutub. Onlar hər iki məsafəyə yürüşdə finala yüksələ bilməyiblər.