22:00 30-06-2016
news_image
3147
TOP OYUNLARI

Çempionluq və Dünya Qran-prisinin astanasında - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk oyunda Slovakiya yığmasının qonağı olub.

 

Voleybolçularımız Nitrada baş tutan qarşılaşmada da qələbə seriyasını davam etdirib. Faiq Qarayevin yetirmələri 9-cu matçda 3:1 hesabı ilə qalib gəliblər.

 

Belə ki, oyun Azərbaycan millisinin üstünlüyü ilə başlayıb. İlk setdə ardıcıl hücumlar və müdafiədə inamlı çıxış ev sahiblərini çətin vəziyyətə salıb. Bundan istifadə edən voleybolçularımız hissəni 6 top irəlidə bitiriblər.

 

İkinci setdə rəqib təşəbbüsü ələ alıb və status-kvonu bərpa edib. Üçüncü hissənin əvvəli də Slovakiyanın inamlı çıxışı ilə yadda qalıb. Lakin Faiq Qarayevin taktiki gedişləri oyunun axarını dəyişib. Onun hesab 20:22 olarkən götürdüyü taym-aut isə komandamızda özünəinamı artırıb. Ardıcıl 5 top (!) qazanan voleybolçularımız yenidən setlərin fərqində önə çıxıb – 2:1.

 

Dördüncü hissə isə millimizin tam üstünlüyü şəraitində keçib. Ev sahibləri setin sonunda fəallaşsalar da, təmsilçimiz layiqli oyun sayəsində matçın hesabını müəyyənləşdirib – 3:1.

 

Beləliklə, komandamız iyulun 3-də Bakıda keçiriləcək cavab görüşünə üstün çıxacaq. Millimizə çempionluq üçün 2 setdə qələbə belə kifayət edəcək.

 

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edəcək.

 

 

 

Avropa Liqası

Final mərhələsi, ilk oyun

30 iyun

 

Slovakiya - Azərbaycan - 1:3 (19:25; 25:18; 22:25; 20:25)

Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Eva (Macarıstan)

Nitra, Şəhər Sarayı