17:31 30-06-2016
news_image
550
STOLÜSTÜ OYUNLAR

Hamı irəliləyir, Teymur Rəcəbov geriləyir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyul ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə də 5 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi yaxşılaşdırıb. 6 pillə irəliləyən təmsilçimiz 12-ci yerə yüksəlib. Onun aktivində 2764 reytinq xalı var.

 

Məmmədyarovdan fərqli, Teymur Rəcəbov (2722) geriləməkdə davam edir. O, daha 3 rəqibini özündən irəli buraxaraq, 35-ci yerə enib.

 

Yığmamızın digər üzvü Eltac Səfərli (2678) yenə irəliləyib. 11 pillə yüksələn Azərbaycan çempionu 57-ci yerdədi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2667) də mövqeyini yaxşılaşdırıb. Qrossmeyster 10 rəqibini qabaqlayaraq, 74-cü pilləni ələ keçirib.

 

Rauf Məmmədov da komanda yoldaşlarından geri qalmayıb. Son siyahıda 98-ci olan həmyerlimiz hazırda 75-cidi. Onun aktivində 2666 xalı var.

 

Reytinq siyahısının ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Cədvəldə Maqnus Karlsen (Norveç, 2855) yenə birinci olduğu halda, Vladimir Kramnik (Rusiya, 2812) ikinci, Fabiano Karuana (ABŞ, 2810) üçüncüdü.

 

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında isə Azərbaycan təmsilçisi yer almayıb.