10:05 04-07-2016
news_image
499
STOLÜSTÜ OYUNLAR

Olimpiada öncəsi məşqçilərlə görüş keçirildi

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlığı ilə əlaqədar görüş keçirilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, toplantıda əsas yığmanın Qəbələ, ikinci komandanın Bakıdakı hazırlığı, o cümlədən qadın şahmatçıların ilk təlim-məşq toplanışı müzakirə edilib.

 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib ki, bundan sonra da olimpiadada iştirak edəcək bütün komandalara hazırlıq üçün yüksək səviyyədə şərait yaradılacaq: “42-ci Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımız üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq belə mötəbər yarış Azərbaycan paytaxtında təşkil olunacaq. Olimpiadada layiqincə iştirak etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası tərəfindən bütün komandalarımıza lazımi şərait yaradılıb. Həm kişi, həm də qadınlardan ibarət komandalar artıq təsdiq olunan hazırlıq proqramına uyğun məşqləri davam etdirəcək. Kişilərdən ibarət əsas yığmanın olimpiadaya qədər daha iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ümid edirik ki, komandalarımız Bakı Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq”.

Qeyd edək ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, eləcə də milli komandaların məşqçiləri iştirak edib.