11:04 05-07-2016
news_image
2028
TOP OYUNLARI

“Heyətdə dəyişiklik etməyi fikirləşirəm” – yığmamızın baş məşqçisi

Basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Samit Nuruzadənin apasport.az saytına müsahibəsi

 

- Basketbolun 3x3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində çıxış edən kişilərdən ibarət millimiz qrupda 2 qələbə qazanıb, 1 görüşdə uduzdu. 1/4 finalda isə Slovakiya keçilməz oldu. Hollandiyanın paytaxtı Amsterdamda baş tutan oyunları necə dəyərləndirərdiz?

- Yarışda iştirakı komandam və özüm üçün uğurlu hesab edirəm. Çünki yığmamızın hansı gücdə olduğunu gördüm. Bizim qarşımızda duran əsas hədəf İslam Həmrəyliyi Oyunlarıdı. Bu yarış Avropa çempionatına qatılan basketbolçulardan hansının millidə qalıb və qalmayacağı üçün də faydalı oldu.

 

- Bu sizin millidə ilk rəsmi yarışınız idi. Heyətlə bağlı narazılığınızın olduğunu demək olarmı?

- Ciddi narazılığım yoxdu.

  

- Komandamız nə üçün mərhələ adlaya bilmədi?

- Rəqiblərimizdən Serbiya yığmasını fərqləndirərdim. Onlar bizlə müqayisədə 20 turnir oynayırlar. Belə deyək, serblərin çörəyi bu idman növündən çıxır. Bu komanda ölkəsinin II liqasında klassik basketbol oynayır. Amma bu o demək deyil ki, serbləri udmaq mümkün deyil. Qalib gəlmək olar. Lakin bizim məqsədimiz oyunçuları rəsmi yarışda görmək idi. Bunu etdik, bəyəndiyimiz və bəyənmədiyimiz nüansları gördük. Heyətdə kiçik bir dəyişiklik etməyi də fikirləşirəm. Hazırda bunu açıqlamaq tezdi. İslamiada ərəfəsində hər şeyə aydınlıq gələcək. Qarşıda iştirak edəcəyimiz turnirlərdə fərqli heyət də sınamaq istəyirik. Hollandiyada seçmə mərhələdə oynayanlardan 2-si qalib, digər 2-si yeni də ola bilər. Bu da ona hesablanıb ki, hansı basketbolçularımız daha üstündü.

 

- 1/4 finalda Slovakiyaya cəmi 1 top fərqilə (15:16) məğlub olduq. Sizcə qələbə üçün nə çatmadı?

- Sözün düzü, uzaqdan atışlarımız alınmadı. Başqa cür də oynamaq olardı. Amma artıq məğlub olduğumuz üçün hansısa bəhanələr də axtarmağa ehtiyac yoxdu. Biz gələcəyin komandasını qurmağı planlaşdırırıq.

 

- Siz 3X3 növündə də yenisiz. Bəlkə hansısa təcrübəsizliyiniz rol oynadı. Ola bilərmi ki, bunun üçün xarici ölkələrdən birinə üz tutasız?

- Mənə bu turnirdə qazandığım təcrübə kifayət etdi. Burada klassik basketbolla müqayisədə fiziki göstərici daha yüksək olmalıdı.

 

- Əsas hədəfinizin İslamiada olduğunu dediniz. Mümkündümü, turnirlərdə basketbolçularımızı yoxladıqdan sonra komandaya yeni legioner lazım olsun?

- Ola bilər. Bunu fikirləşirik. Bu, yarışın reqlamentindən asılı olacaq. Təəssüflər olsun ki, hazırda oyunçu çatışmazlığımız var. Bu istiqamətdə işləri sürətləndirmişik. Baş məşqçi seçiləndə də əsas diqqətin gənclərə yönəldiyini bildirmişdim və həmin fikrimdə də qalıram. Məqsədimiz gəncləri yüksək səviyyəyə çatdırmaqdı.

 

- Bəlkə Azərbaycan Basketbol Federasiyasının qarşısında ölkə çempionatının gücləməsi tələbini qoyasız. Başa düşürəm, qurum klubların işinə müdaxilə edə bilməz. Ancaq onlara səviyyəli legioner gətirməyi məsləhət görülərsə, əcnəbilərin fonunda gənc nəslin daha tez yetişməsi mümkündü.

- Bu bir qədər çətindi. Çünki klubların işinə müdaxilə etmək olmaz. Hazırda ölkə basketbolunun inkişafı üçün bütün diqqətlər gənc nəslə yönəlib. Fikrimcə, 4-5 il təmkinli olmalıyıq. Hazırda aşağı yaş qruplarında yetişən oyunçular bir qədər də artırdıqdan sonra uğur barədə danışa bilərik. Hər komandaya 10 legioner gətirməyin də tərəfdarı deyiləm. Çünki onların 1-nə verilən pula 10-larla azərbaycanlı basketbolçu yetişdirmək mümkündü.

 

- U-16 və U-18 yığmalarımıza ümidinizin böyük olduğunu dediz. Bu komandalarımızı isə qarşıda Avropa birinciliyi gözləyir. Hazırlıq necə gedir və nəyə ümid etmək olar?

- 18 yaşadək basketbolçularımı Azərbaycan çempionatında çıxış edib. Yaxşı nəticə göstərib, lazımı təcrübə toplayıblar. Onların özlərini yaxşı tərəfdən göstərəcəyinə inanıram. U-16 da müxtəlif yarışlara qatılıb. Artıq lazımı seçimləri etmişik, çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Yarışda çempion olacağıq deməyimiz düzgün deyil. Amma hər oyuna qalib gəlmək üçün çıxacağıq. Hər 2 millidə əla ab-hava var. Fikrimcə, başçılıq etdiyim 16 yaşadək yığmamızda əsas rəqiblərimiz Kipr və Andorra olacaq. “Çırtdan ölkə” təmsilçisinin yaxşı İspaniya məktəbi olduğunu unutmamalıyıq.

 

- Bəs gələcəkdə aşağı yaş qruplarından komanda formalaşdırıb, kiçik ölkələrin Avropa çempionatına qatılmağı planlaşdırırsızmı? Çünki belə olan halda yeniyetmələr iştirak edəcəyi yarışlarda daha yaxşı təsir bağışlaya bilər.

- Bununla razıyam. Amma fikrimcə, bir qədər vaxt lazımdı. Onların öz yaşıdları arasında çempionatı var. Burada özlərini doğrultsunlar və sonra bu təklifə də baxılar. Gəlin, gəncləri böyüklər arasında oynatmağa tələsməyək.