13:26 28-07-2016
news_image
660
STOLÜSTÜ OYUNLAR

Şahmat Olimpiadasına həsr olunan 3D tablosu yekunlaşdı

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızın qonağı olub. Apasport.az saytının məlumatına görə, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu çəkib.

 

Rəssam sözügedən əsəri Milli Parkda (Kukla Teatrının yaxınlığında) yaradıb.

 

42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu 3 gün ərzində hazırlanıb. Əsər paytaxt sakinlərinin böyük marağına səbəb olub. Rəssam Aleks Maksiov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında əsər haqda bunları deyib: “Azərbaycanda olmaqdan xoşbəxtəm. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən dəvət olunan zaman maraqlı əsər yaratmaq barədə düşündüm. Tabloda olimpiadanın keçiriləcəyi məkan olan Bakı Kristal Zalı və şahmat lövhəsi yer alıb. Şahmat lövhəsi sanki Amerikanın sürətli yarışlar keçirilən trası ilə arenaya yollanır. İdeya bundan ibarətdir ki, bütün dünyanın diqqəti məhz Bakı Kristal Zalında olacaq. Planetin ən yaxşı şahmatçıları burada yarışacaq. Hər kəsi 3D "street-art" tablosuna baxmağa və onunla şəkil çəkdirməyə dəvət edirəm. 3D canlılığı əks etdirir. Bu, mənim Bakıda ikinci işimdir. İki il öncə Qız Qalası yaxınlığında da Bakıda keçirilən festivala həsr olunan "street-art" əsəri çəkmişəm”.

 

Əsərin təqdimatında iştirak edən 42-ci Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləri - “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşfiq Abbasov, aktyor Coşqun Rəhimov ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışları barədə məlumat veriblər. Ulduz səfirlər şahmatçılarımızdan qələbə gözlədiklərini və onlara inandıqlarını söyləyib. Fəaliyyətlərində şahmatın kütləviliyinin artırılmasına geniş yer ayırdıqlarını bildirən Müşfiq Abbasovla Coşqun Rəhimov yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirmək üçün idmanın bu növü ilə məşğul olmağa səsləyiblər.