10:40 03-08-2016
news_image
855
TOP OYUNLARI

Bolqarıstan millisinin oyunçusu Bakı klubu ilə müqavilə bağladı

“Telekom” daha bir voleybolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “rabitəçilər” bolqarıstanlı Mariya Filipovanın ardınca həmyerlisi Qabriela Koyevanı da komandada saxlamağa qərar veriblər.

 

Ötən mövsüm Türkiyənin “Beşiktaş” klubundan transfer edilən 27 yaşlı blokçu ilə daha 1 illik anlaşma əldə olunub. O, 2016/2017 mövsümündə də Super Liqanın gümüş medalını qazandığı “Telekom”un uğurları üçün çalışacaq.

 

Koyeva İstanbul təmsilçisindən öncə MOİK (Bolqarıstan, 2007-2009), “Volero” (İsveçrə, 2009-2011) və “Minerva Volley” (İtaliya, 2011-2012) klublarında da forma geyinib. O, İsveçrə klubu ilə 2 dəfə ölkə çempionatının, eyni sayda ölkə kubokunun və 1 dəfə Superkubokun qalibi adını qazanıb. Qabrielanın aktivində həmçinin Bolqarıstan çempionatının da qızıl medal var.

 

2007-ci ildən ölkəsinin əsas komandasına çağırılan blokçu Avropa Liqasının ikiqat bürünc (2011, 2013) mükafatçısıdı.

 

Qeyd edək ki, “Telekom” baş məşqçi Zoran Qayiçlə də müqaviləni 2 illiyə uzadıb. Bakı təmsilçisi həmçinin Serbiya millisinin toppaylayıcısı Sladyana Mirkoviçi transfer edib.