11:16 09-08-2016
news_image
3309
DÖYÜŞ NÖVLƏRİ

Heç bir ölkənin adına yazılmayan mükafatlar – LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin Olimpiya Oyunlarında keçdiyi yolu əhatə edəcək 12 yazıdan ikincisi Azərbaycan idmançılarının müstəqilliyə keçid dövründə MDB yığmasındakı çıxışına və ya heç bir ölkənin adına yazılmayan mükafatlarına həsr olunur.

 

Azərbaycan Barselona-1992-yə niyə müstəqil ölkə kimi qatıla bilmədi?

Azərbaycanın Olimpiya Oyunlarında iştirakı 3 dövrə bölünür. İlk yazımızda idmançılarımızın SSRİ bayrağı altında (1952-1988) çıxışını analiz etdiyimizdən bu dəfə Müstəqil Dövlətlər Birliyinin (MDB) tərkibində iştirakımıza nəzər yetirəcəyik. Təbii ki, ardınca növbə müstəqil Azərbaycanın Oyunlara qatılmasına çatacaq.

 

***

 

1988-ci ildə keçirilən Seul Yay Olimpiya Oyunlarından sonrakı tsikl tarixə yeniliklərlə düşdü. 1992-ci ildə Barselonada təşkil olunan XXV Olimpiada ərəfəsində dünyanın siyasi vəziyyətində və xəritəsində dəyişikliklər yaşandı. Bütün bu dəyişikliklər SSRİ-nin süquta uğramasından sonra meydana gəldi. 1991-ci ilin sonlarında Sovet İttifaqı dağıldı, onun tərkibinə daxil olan 15 respublika müstəqillik əldə etdi. Bundan əlavə, əvvəlki Oyunlarla müqayisədə Şimali Koreya, Cənubi Afrika və Kuba yarışı boykot qərarını geri götürərək, İspaniyada iştiraka razılıq verdi. Həmçinin Almaniya birləşərək Barselona-1992-yə bir bayraq altında qatıldı.

 

Təəssüf ki, SSRİ dağılsa da, Azərbaycan Olimpiadaya ilk cəhddə müstəqil ölkə kimi qatıla bilmədi. Ölkəmiz və 11 respublika Oyunlara MDB komandası kimi yollandı. Bu da səbəbsiz deyildi.  Müstəqillik əldə edən dövlətlərin əksəriyyəti Olimpiadaya sərbəst qatılmaq hüququna malik deyildi, idmançıları lisenziya xarakterli yarışlarda ölkəsinin adından çıxış edə bilmirdi. Yeni respublikaların hər birinin qeydiyyata alınması üçün tələb edilən proseduraları həyata keçirməyə kifayət qədər vaxt olmadığından Milli Olimpiya Komitələri Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən hüquqi qurum kimi tanınmırdı. Lakin müstəqil dövlətlər qarşısında problem yaradan BOK iclaslarının birində çıxış yolunu açıqladı. Beynəlxalq qurum post-sovet ölkələrindən Estoniya, Litva və Latviyaya öz bayrağı altında çıxışı icazə verdiyi halda, Azərbaycan, Rusiya, Ermənistan, Moldova, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Belarusiya (indiki Belarus - T.H.), Tacikistan və Gürcüstan  idmançılarını “Birləşmiş komanda”da cəmləşdirdi. Özü də Oyunlar zamanı komanda yarışlarında BOK-un bayrağı və himninin, şəxsi birinciliklərdə isə idmançının təmsil etdiyi ölkənin bayrağının və himninin istifadə edilməsi qərarlaşdırıldı. XXV Yay Olimpiya Oyunlarının açılış mərasimində “Birləşmiş komanda”, yəni MDB komandası BOK-un və birliyə üzv olan ölkələrin bayraqları altında parada çıxdı.

 

“Beş”lə başlanan yolda Nazim Hüseynovun ilk qələbəsi

 

Bütün bu yeniliklər Barselona-1992-də rekordların vurulması ilə yadda qaldı. Olimpiadaya ilk dəfə 169 ölkədən 9356 (6652 kişi, 2704 qadın) idmançı qatıldı və 27 növdə 257 dəst medal uğrunda mübarizə apardı. Bu atletlərdən 475-i (310 kişi, 165 qadın) MDB komandasını təmsil edirdi. Yığmaya müstəqil Azərbaycan cəmi 5 atlet – Nazim Hüseynov, Valeri Belenki, İlqar Məmmədov, Valeri Timoxin və Valentina Popova ilə qatıldı.

 

Müqayisə üçün bildirək ki, SSRİ yığmasına düşmək haradasa bundan asan olurdu. Çünki Spartakiadalarda özünü göstərdiyin halda, lisenziya yarışlarında iştirak hüququ qazanırdın. Barselona-1992 üçün vəsiqə verən turnirlərə isə əsasən Rusiya, Ukrayna və Belarus atletləri aparılırdı. Bu da müxtəlif növlər üzrə yığmalarda məşqçilər korpusunda azərbaycanlıların olmamasından irəli gəlirdi. Hətta MDB ölkələrini təmsil edəcək millinin formalaşdırılması zamanı bir sıra mübahisələr də yaranmışdı, cüdoçumuz Nazim Hüseynovun İspaniyaya aparılması sual altına düşmüşdü. 60 kq çəki dərəcəsində onun əvəzinə gürcüstanlı Giorgi Vazaqaşvilinin heyətə daxil edilməsi gündəmə gəlmişdi. Bu da 1992-ci ilin əvvəlində keçirilən MDB çempionatında gürcünün qızıl medal qazanmasından irəli gəlirdi.

 

Həmin günləri xatırlayan Nazim Hüseynov saytımıza bildirib ki, Olimpiya Oyunlarına yollanması üçün rəqibi ilə sınaq döyüşü və Fransada keçirilən Avropa çempionatı mühüm rol oynayıb: “1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunun qalibi olduqdan sonra Olimpiadanın təşkil olunacağı Barselonada dünya çempionatına qatıldım. Burada 3-cü yeri tutdum. Ardınca Yaponiyada yarışda da inamlı çıxış etdim. Yeni il ərəfəsi idi. Haradasa yanvarın 5-i, ya 6-sı geri döndük. Bundan 7-10 gün sonra dedilər ki, MDB çempionatı keçirilir. Həmin vaxtda da 10 kq çəki saldığımdan oraya qatılmağım nəzərdə tutulmurdu. Lakin millimizin baş məşqçisi Vladimir Kaplin bunun vacib olduğu söylədi. Demək olar ki, istirahət etmədən birincilikdə iştirak etdim. Burada yarımfinalda həmin gürcü – Vazaqaşviliyə məğlub oldum. Sözün düzü, bu çəkidə Gürcüstanı onun təmsil etməsini də gözləmirdim. Çünki o zaman çəkimdə dünya çempionu, Seul-1988-in bürünc medalçısı Amiran Totikaşvili vardı. Lakin titullu idmançının əvəzinə gənc Georgi mübarizəyə qoşulmuşdu. Ona məğlubiyyətim və onun çempion olması gürcü məşqçilərin bu məsələni ortaya atmasına səbəb oldu”.

 

Hüseynovun sözlərinə görə, baş məşqçi Kaplin ona inandığından həmyerlimizin Barselonaya aparılmasında maraqlı olub: “Lakin bu məsələ bir qədər uzandı. Çalışdırıcımız gürcüstanlı həmkarlarına dedi ki, Vazaqaşvili Olimpiya Oyunlarına bir şərtlə gedə bilər. Bunun üçün o, Olimpiadadan öncə keçirilən Avropa çempionatında qızıl medal qazanmalıdı. İkinci və ya üçüncü yer Georginin Barselonaya getməsi üçün hansısa əsas verməyəcək, bu çəkidə Nazim Hüseynov təmsil olunacaq. Onlar razılaşmadılar. Bununla belə rəqibimlə sınaq döyüşü də keçirdim. Görüş heç-heçə bitsə də, hakimlər üstünlüyü mənə verdi. Həmçinin Parisdə Avropa çempionu tituluna da yiyələndim. Nəticədə Olimpiadaya da  yollandım. 1993-cü ildə Kanadada keçirilən dünya çempionatında müstəqil Azərbaycan adından güləşəndə də Vazaqaşvilini yarımfinalda məğlub etmişəm”.

 

Olimpiya tariximizdə ilklər: bayraqdar, çempion, himn...    

Barselonada iyulun 26-da baş tutan açılış mərasimində ümumi komandanın bayrağını (Olimpiya bayrağı – T.H.) əfsanəvi Aleksandr Karelin apardığı halda, üçrəngli bayrağımızı cüdoçumuz Hüseynov daşıdı. Onunla birgə digər idmançılarımız da Olimpiya stadionunda ilk dəfə müstəqil Azərbaycan bayrağı altında dövrə vurdular.

 

Maraqlıdı ki, 4 illiyin ən möhtəşəm yarışında çempionluqla üçrəngli bayrağımızı yenidən göylərə qaldırıb, himnimizi səsləndirən də məhz mübahisələrdən sonra gücü ilə yığmadakı yerini təmin edən Nazim oldu. Bu, 1992-ci ilədək keçirilən 24 Olimpiadada ölkəmiz üçün tarixi hadisə idi. 

 

Cüdo növündə ilk azərbaycanlı Avropa çempionu adına sahib olan Hüseynovun İspaniyada döyüşlərinə gəlincə, həmyerlimiz bütün görüşlərdə özünü yaxşı tərəfdən göstərib. Belə ki, birinci 4 qarşılaşmasının hamısını ipponla məğlub edən idmançımız yarımfinalda dünya çempionu Tadanori Koşino (Yaponiya) ilə üz-üzə gəlib. O, finala yüksəlməkdə də çətinlik çəkməyib. Həlledici görüşdə isə rəqibi dünya çempionatının finalçısı cənubi koreyalı Hyun Yun olub. Hüseynov əlinə düşən tarixi şansı qaçırmayıb və Olimpiya çempionluğunda da ilki rəsmiləşdirib, müstəqil Azərbaycan adına birinci “qızıl”ı yazdırıb.

 

Həmin vaxt fəxri kürsüdə keçirdiyi hissi sözlə ifadə etməkdə çətinlik çəkən Hüseynov Barselona-1992-nin onun üçün maraqlı məqamlarla yadda qaldığını vurğulayıb. Həmyerlimizin sözlərinə görə, bu uğur onu növbəti Avropa çempionluğuna da daşıyıb: “Həmin dövr həqiqətən də çox çətin idi. Lakin ciddi sınaqdan qələbə ilə ayrıla bildim. Bu gün isə müstəqil Azərbaycan idmanı diqqət və qayğı ilə əhatələnib ki, Olimpiadadan-olimpiadaya medallarımızın sayını artırırıq”.

 

Valeri Belinkidən dubl, digərləri ümidləri doğrultmadı

 

Barselona-1992-də Nazim Hüseynov kimi idman gimnastımız Valeri Belinki də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lakin o, komanda yarışlarında birinci olduğundan Olimpiya bayrağı qaldırılıb və himni səslənib. Buna baxmayaraq, Belinkinin şərəfinə üçrəngli bayrağımız da dalğalanıb. Cüdoçumuzdan fərqli, o Olimpiadanı 2 medalla başa vurub. Belinki çoxnövçülük üzrə şəxsi yarışlarda üçüncü yeri tutub. O, gimnastika atı, halqalar və paralel qollar üzərində hərəkətlərdə də finala yüksəlib. Amma ilk 2 yarışda 5-ci olan çempion sonuncuda 7-ci pillədə qərarlaşıb.

 

Təəssüf ki, Hüseynovla Belinkinin uğurunu qılıncoynatmanın rapira növü üzrə komanda yarışlarında Seul-1988-in qalibi İlqar Məmmədov təkrarlaya bilməyib. Bəzi mənbələrdə Barselonaya Rusiya təmsilçisi kimi yollandığı iddia olunan həmyerlimiz burada yalnız şəxsi göstəricisini yaxşılaşdırmaqla kifayətlənib. Koreyada şəxsi yarışda 10-cu nəticəni göstərən Məmmədov İspaniyada 5-ci olub.  

 

Stolüstü tennisçimiz Valentina Popova həm şəxsi, həm də qoşa yarışlarda mübarizəni ilk mərhələdə dayandırıb. Nəticədə o, 17-ci pillədə qərar tutub. Stend atıcımız Valeri Timoxin də vətənə medalsız qayıdıb. Böyük ümidlərlə Olimpiadaya yollanan snayper 25-ci olub.

 

Heç bir ölkənin adına yazılmayan medallar

 

Beləliklə, müstəqil ölkə kimi MDB komandasında iştirakımız 2 qızıl və 1 bürünc medalla bitib. Lakin 36 illik SSRİ yığmasındakı kimi “Birləşmiş komanda”da bir sıra ölkələrdən geri qalmamağımızla öyünə bilərik. Mükafat sayında Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan və Ermənistan bizi qabaqlasa da, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan millimizdən geri qalıb.  

 

Barselonda Birlik üzvlərinin ümumilikdə qazancı isə 112 medal olub ki, bu da komanda hesabında birinci yerdə qərarlaşmaqla nəticələnib. Bunlardan 45-i qızıl, 38-i gümüş və 29-u bürünc mükafat olub. Lakin bu uğurlar 12 respublikanın heç birinin adına yazılmayıb. Azərbaycan da daxil olmaqla, sabiq ittifaq ölkələri medalları adlarına çıxsalar da, bu, Olimpiya tarixinə “Birləşmiş komanda”nın nəticəsi kimi düşüb.

 

...Helsinki-1952-də başlanılan yolda 40 il sonra dalğalanan Azərbaycanı isə qarşıda daha böyük uğurlar gözləyirdi.

 

Tahir HÜMMƏTOV

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir