12:22 16-08-2016
news_image
2531
DİGƏR NÖVLƏR

40 illiyin sevimli növləri - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin Olimpiya Oyunlarında keçdiyi yolu əhatə edəcək 12 yazıdan üçüncüsü həmyerlilərimizin SSRİ və MDB komandaların tərkibində keçirdiyi 40 illiyin sevimli növlərinə həsr olunur. Burada 1952-1992-ci illərdə Azərbaycan idmançılarının daha çox hansı növlərdə təmsil olunduğundan və bunların hansında adından söz etdirdiyindən danışacağıq.

 

 

 

Sevimli növlərimiz

 

İlk 2 yazıda qeyd etdiyimiz kimi, Azərbaycan idmançılarının Olimpiada çıxışı 3 dövrə bölünür. Artıq SSRİ bayrağı altında (1952-1988) və Müstəqil Dövlətlər Birliyinin (MDB) tərkibində (1992) çıxışımızı analiz etdiyimizdən bu dəfə ölkəmiz adına uğur gətirən və təmsilçilərimizin daha çox medal qazandığı idman növlərindən söhbət açacağıq. Öncə Azərbaycanın müstəqillik əldə etdiyi dövrə kimi neçə növdə təmsil olunduğuna diqqət yetirək.

 

İdmançılarımız 40 il ərzində 16 növdə çıxış ediblər. Bunlar atletika, güləş, həndbol, voleybol, su polosu, qılıncoynatma, stend atıcılığı, futbol, otüstü hokkey, müasir beşnövçülük, üzgüçülük, cüdo, akademik avarçəkmə, idman gimnastikası, suyatullanma və stolüstü tennisdi. Təbii ki, bunlardan əksəriyyəti SSRİ yığmasının heyətində reallaşıb. Sovet İttifaqının bayrağı altında 9 yarışda 14 növdə təmsil olunduğumuz halda, Barselona-1992-də siyahıya daha 2 yeni növ əlavə edilib.

 

Azərbaycanın 1952-1992-ci illərdə Olimpiadalardakı təmsilçi sayı

 

Olimpiada

İdmançı sayı

İdman növlərinin sayı

İdman növləri

Helsinki-1952

5

2

Güləş (4), atletika (1)

Melbrun-1956

1

1

Atletika (1)

Roma-1960

2

2

Atletika (1), su polosu (1)

Tokio-1964

6

4

Müasir beşnövçülük (1), güləş (2), su polosu (2), voleybol (1)

Mexiko-1968

3

2

Voleybol (2), suyatullanma (1)

Münhen-1972

3

3

Voleybol (1), atletika (1), üzgüçülük (1)

Monreal-1976

3

2

Voleybol (1), həndbol (2)

Moskva-1980

5

3

Həndbol (1), akademik avarçəkmə (3), otüstü hokkey (1)

Seul-1988

18

7

Qılıncoynatma (2), futbol (1), akademik avarçəkmə (11), həndbol (1), stolüstü tennis (1), stend atıcılığı (1), güləş (1)

Barselona-1992

5

5

Qılıncoynatma (1), cüdo (1), idman gimnastikası (1), stend atıcılığı (1), stolüstü tennis (1)

 

 

Ölkəmizin ən çox idmançı ilə təmsil olunduğu növ akademik avarçəkmədi. Nə qədər qəribə olsa da, Moskva-1980-a kimi iştirak etmədiyimiz növdə 2 Oyunlarda nə az, nə çox – 14 idmançı ilə mübarizə aparmışıq. Özü də bunun 3-ü ilk cəhdimizə təsadüf edibsə, Seul-1988-də 11 avarçəkənlə təmsil olunmuşuq. Bu da 1980-ci ildə Mingəçevirdə “Kür” Olimpiya Avarçəkmə Bazasının istifadəyə verilməsindən, SSRİ yığmasının ölkəmizdə hazırlıq keçməsindən irəli gəlirdi. Çünki Azərbaycanda məşq edən, hərbi xidmət keçən və oxuyan idmançıların əksəriyyəti Olimpiadalara yerli idmançı kimi yollanırdı. Əslində isə bu avarçəkənləri biz öz adımıza çıxdığımız kimi, onların əksəriyyətinin anadan olduğu respublikalar da öz idmançıları sayırlar. Bu səbəbdən də müxtəlif mənbələrdə avarçəkənlər Azərbaycan təmsilçisi kimi qeyd olunmayıblar.  

 

40 illikdə güləş də sevimli idman növlərimizdən olub. Azərbaycan üçün ənənəvi sayılan bu növdə 7 idmançımız SSRİ və MDB yığmalarına çağırılıb. Amma 7 pəhləvanımız cəmi 3 Olimpiadada çıxış edib. Debüt etdiyimiz Helsinki-1952-yə 4 güləşçi ilə yollandığımız halda, Tokio-1964-də 2, Seul-1988-də 1 idmançı ilə təmsil olunmuşuq.

 

Sevimli növlərimizdə ilk “üçlüyü” voleybol qapayıb. Komanda idman növündə cəmi 2 oyunçu Azərbaycan adından SSRİ millisinə dəvət olunsa da, onlardan İnna Rıskal 4 Oyunlarda yığmanın heyətində yer alıb. Hücumçumuz hətta SSRİ yığmasını 2 Olimpiadada kapitan kimi meydana çıxarıb.

 

İdman növləri üzrə təmsilçilərimizin sayı

 

İdman növləri

İdmançı sayı

Olimpiada sayı

1. Akademik avarçəkmə

14

2

2. Güləş

7

3

3. Voleybol

5

4

4. Atletika

4

4

5. Həndbol

4

3

6. Qılıncoynatma

3

2

7. Su polosu

3

2

8. Stend atıcılığı

2

2

9. Stolüstü tennis

2

2

10. İdman gimnastikası

1

1

11. Cüdo

1

1

12. Müasir beşnövçülük

1

1

13. Futbol

1

1

14. Otüstü hokkey

1

1

15. Üzgüçülük

1

1

16. Suyatullanma

1

1

 

 

43 idmançıya 31 medal

 

Azərbaycanı 1952-1992-ci illərdə baş tutan Olimpiadalarda 43 idmançı təmsil edib. Onların bəzilərinin 2 və daha çox yarışa yollandığını nəzərə alsaq, iştirak sayımız 51-di. Bu idmançıların 10 Olimpiadada “qazancı” isə 31 medal olub. Mükafatlarımızdan 12-si qızıl, 11-i gümüş və 8-i bürüncdü.

 

Medallarımızı ümumilikdə 25 idmançı əldə edib. Onlar arasında voleybolçumuz İnna Rıskal liderdi. Hücumçumuz 4 Olimpiadada SSRİ yığmasının heyətində yer alıb ki, hamısını da uğurla bitirib. 4 illiyin möhtəşəm yarışının bütün finallarında Yaponiya millisi ilə oynayan Rıskal 2 qızıl və 2 gümüş medala yiyələnib. Bu növdə onun kimi Vera Lantratova da Azərbaycana Olimpiya çempionu kimi qayıdıb. Məhz bu 2 idmançının sayəsində medal əyarına görə voleybol digər növləri qabaqlayıb. Düzdü, mükafat sayında akademik avarçəkmədə də hesabımızda 5 medal var. Lakin onlar arasında çempion tituluna yiyələnən idmançımız olmayıb.

 

Medal sayında öyünə biləcəyimiz ikinci idman növü həndboldu. Bu növdə də iştirakçılarımız qatıldığı hər Olimpiadada fəxri kürsüdə yer almağı bacarıblar. Onlardan Rəfiqə Şabanova, Lüdmila Şubina və Larisa Savkina SSRİ-nin himnini səsləndirdikləri halda, Yelena Quseva 3-cü yerlə kifayətlənib.

 

Medal siyahımızda üçüncü pilləni qılıncoynatma tutur. Bu da İlqar Məmmədovun komanda yarışlarında 2 dəfə qızıl medal alması səbəbindəndi. Lakin onu Azərbaycan kimi Rusiya da öz adına çıxır və həmyerlimizin Olimpiadada Moskva MOİK-nin təmsilçisi kimi iştirak etdiyi qeyd edilir.

 

Adlarını çəkdiyimiz təmsilçilərimizlə yanaşı, idman gimnastikasında Valeri Belinki, cüdoda Nazim Hüseynov (60 kq), müasir beşnövçülükdə Viktor Mineyev və futbolda İqor Ponomaryov da Olimpiya çempionu tituluna yiyələniblər.

 

Medal sayına görə isə voleybolla akademik avarçəkmə ilk 2 yerə şərik olduğu halda, həndbol “üçlüyü” qapayır.

 

Azərbaycan idmançıları SSRİ və MDB yığmalarının tərkibində çıxış etdiyi 16 idman növündən cəmi 4-də medal qazana bilməyib. Üzgüçülük, stend atıcılığı, stolüstü tennis və suyatullanmada ölkəmizi təmsil edən 4 idmançı mükafatçılar sırasına düşməyib.  

 

 

Azərbaycan idmançılarının Olimpiadalarda növlər üzrə qazandığı medallar

 

İdman növləri

Qızıl

Gümüş

Bürünc

Cəmi

1. Voleybol

3

2

-

5

2. Həndbol

3

-

1

4

3. Qılıncoynatma

2

-

-

2

4. İdman gimnastikası

1

-

1

2

5. Cüdo

1

-

-

1

6. Müasir beşnövçülük

1

-

-

1

7. Futbol

1

-

-

1

8. Akademik avarçəkmə

-

4

1

5

9. Atletika

-

3

-

3

10. Su polosu

-

1

2

3

11. Güləş

-

1

2

3

12. Otüstü hokkey

-

-

1

1

13. Üzgüçülük

-

-

-

-

14. Stend atıcılığı

-

-

-

-

15. Stolüstü tennis

-

-

-

-

16. Suyatullanma

-

-

-

-

Cəmi

12

11

8

31

 

                  

Komanda oyunçuları və fərdi uğura sevinənlər

Müstəqillik dönəmində idmançılarımız bütün uğurlarını fərdi yarışda qazansa da, SSRİ və MDB dövründə demək olar ki, bunun əksi yaşanıb. 40 il ərzində cəmi 6 idmançımız şəxsi yarışlarda fəxri kürsüyə yüksəlib. Bu medallardan 1-i qızıl, 2-i gümüş və 3-ü bürüncdü. Yeganə çempionumuz MDB yığmasının tərkibində Nazim Hüseynov olub. 40 illiyin yeganə çempionundan başqa, Rəşid Məmmədbəyovla (sərbəst güləş) Vasili Yakuşa (akademik avarçəkmə) ikinci, Artyom Teryan (yunan-Roma güləşi), Aydın İbrahimov (sərbəst güləş) və Valeri Belinki (idman gimnastikası) üçüncü yeri tutublar.

 

Digər medallarımız isə komanda yarışlarına təsadüf edib. Bu 25 medaldan 14-ü komanda idman növlərinə, 11-i fərdi növlərdəki komanda yarışlarında əldə olunub.

 

Komanda idman növlərindən voleybol, su polosu, həndbol, futbolda medal qazanmışıq ki, mükafatımızın olmadığı yeganə belə növ basketboldu. Düzdü, Rusiyada yaşayan həmyerlimiz Elşad Qədəşov Barselonada MDB yığmasının heyətində çıxış edib. Lakin o, mükafat qazana bilməyib. 3-cü yer uğrunda görüşdə komandası Litvaya məğlub olub. Amma Qədəşov yığmada Azərbaycanı deyil, Rusiyanı təmsil edib.

 

İdmançılarımız iştirak etdiyi bütün Olimpiadalardan medalla döndüyü kimi, komanda idman növlərində mükafatsız qaldığımız yarış olmayıb. Məsələn, Monreal-1976-da SSRİ yığmasına Azərbaycandan fərdi növlərdə mübarizə aparacaq atlet cağırılmayıb. Komandaya voleybolçu İnna Rıskal və həndbolçular Rəfiqə Şabanova ilə Lüdmila Şubina cəlb olunub. Onların 3-ü də Kanadadan çempion kimi qayıdıblar.

 

Ən azı 2 medal qazananlar da məhz komanda yarışlarının iştirakçılarıdı. Əgər SSRİ yığmasında İnna Rıskal “poker”, Yuri Konovalovla Vasili Yakuşa “dubl” etmişdisə, İspaniyada bu nailiyyəti Valeri Belinki təkrarlayıb. Gimnastımız bir Olimpiadada 2 medal alan yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb. Onun nəticəsi müstəqillik dönəmində də təkrarlanmayıb. Lakin 24 il əvvəl uğur qazanan Belinki medallarından birinə şəxsi yarışda yiyələnib.  

 

Fərdi idman növlərinin komanda yarışlarında qazanılan medallar isə idman gimnastikası, atletika, akademik avarçəkmə, qılıncoynatma və müasir beşnövçülükdəndi.

 

 

Azərbaycan idmançılarının qazandığı medallar: komanda və fərdi yarışlar üzrə

 

Olimpiada

Komanda yarışları

Şəxsi yarışlar

Helsinki-1952

-

2 (sərbəst və Yunan-Roma güləşi)

Melbrun-1956

1 (atletika, 4X100)

-

Roma-1960

2 (atletika (4X100), su polosu)

-

Tokio-1964

4 (müasir beşnövçülük, voleybol, su polosu(2))

1 (sərbəst güləş)

Mexiko-1968

2 (hər ikisi voleybol)

-

Münhen-1972

2 (voleybol, atletika (4X100))

-

Monreal-1976

3 (voleybol, həndbol (2))

-

Moskva-1980

4 (həndbol, akademik avarçəkmə (2), otüstü hokkey)

1 (akademik avarçəkmə)

Seul-1988

6 (futbol, qılıncoynatma, akademik avarçəkmə (hər ikisi 2), həndbol)

-

Barselona-1992

1 (idman gimnastikası)

2 (cüdo, idman gimnastikası)

Cəmi

25

6

 

Yekun olaraq vurğulayaq ki, 1952-1992-ci illərdə çıxışımız komanda növlərinin sayəsində uğurlu alınıb. Çünki şəxsi yarışlardakı mükafatlara qalsaydı, idmançılarımızın medalları qat-qat az olardı. Amma təəssüf ki, 1992-ci ildə Belinkinin “qızıl”ı komanda yarışlarımızdakı son uğurumuz kimi tarixdə qalıb.

 

 

Tahir HÜMMƏTOV

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir