12:40 24-08-2016
news_image
1104
DİGƏR NÖVLƏR

“Baş məşqçisi onları tam heyətlə Azərbaycana satmağa çalışırdı”

Olimpiya Oyunlarında uğursuzluğa düçar olan Ukraynada narazılıqlar davam edir. Apasport.az saytının məlumatına görə, bütün səviyyələrdə tənqid hədəfinə çevrilən gənclər və idman naziri İqor Jdanovun adı növbəti qalmaqalda hallanıb.

 

Belə ki, Rio-2016-da 4-cü yeri tutub, medalın 1 addımlığında dayanan 4 nəfərlik kayakda mübarizə aparan ukraynalı idmançılar uğursuzluğun əsas səbəbini nazirliklə bağlayıb. İnna Qrişun, Anastasiya Todorova və Svetlana Axadova Jdanovun ünvanına bir sıra ittihamlar səsləndiriblər.

 

İdmançılar Rioya gedən heyətin nazir tərəfindən formalaşdırıldığını, son bir ildə heç bir təlim-məşq toplanışına göndərilmədiklərini, onların məşqçisi Aleksey Semıkinin komandadan kənarlaşdırılması və start öncəsi şantaj olunmaqları çıxışlarına təsir edib. Həmçinin, nazirlik Olimpiada öncəsi onlara zorla müqavilə imzalatdırıb ki, qarşıdakı 3 ildə heç bir ölkəyə getməyəcəklər.

 

Bütün bu ittihamlara cavab verən nazirin məsləhətçisi Pavel Bulqak günahları Semıkinin üzərinə atıb: “Kayakla avarçəkmə üzrə sabiq baş məşqçisi tam heyətin başqa ölkəyə - Azərbaycan və ya Moldovaya satılmasına çalışırdı. Bu sahədə planlı iş aparılırdı. Əlbəttə, heyətlə birgə məşqçi də həmin ölkəyə gedəcəkdi. Heç bir ölkə də medal qazanmaq gücündə hazır heyətdən imtina etməzdi. Deyilənə görə, məşqçi qiyməti qaldırmaq üçün o qədər də güclü olmayan Mariya Povxı da başqası ilə əvəzləyibmiş. Onların Rioda medal qazanmasına da mane olan məhz Semıkin idi. O, idmançıların fikrini başqa yerlərə yönəltməklə uğur qazanmalarına da mane oldu”.

 

Qeyd edək ki, Rioda Azərbaycana medal qazandıran İnna Osipenko-Radomskaya və Valentin Demyanenko da əslən Ukraynadandılar.