18:38 25-08-2016
news_image
617
DİGƏR NÖVLƏR

“Qalatasaray”dan sanksiya

Türkiyənin “Qalatasaray” idman klubu ölkənin aparıcı xəbər kanalı NTV və onun idman əlavəsi “NTV Spor”a qarşı sanksiya tətbiq edib. APA-nın xəbərinə görə, NTV və “NTV Spor”un müxbirlərinin “Qalatasaray” klubundakı akkreditasiyaları ləğv olunub.

 

Bundan sonra NTV media qrupunun müxbirləri, əməkdaşları, təmsilçiləri “Qalatasaray”ın tədbirlərinə, klubun futbol və digər idman növləri üzrə komandalarının oyunlarına və məşqlərinə, keçirilən mətbuat konfranslarına buraxılmayacaq. “NTV və “NTV Spor” kanallarının tərəfsiz yayım prinsiplərinə əməl etdiklərinə əmin olacağımız günə qədər bu kanalların akkreditasiyaları ləğv edilib”, - deyə “Qalatasaray”ın rəsmi açıqlamasında bildirilir.

 

Qeyd edək ki, avqustun 24-də “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım NTV-nin qonağı olub. O, canlı yayımda 3 saatdan çox çıxış edərək “Qalatasaray” klubunu Fətullahçı Terror Təşkilatı ilə əlaqələndirib. Ə. Yıldırım 1998-ci ildən bu yana Türkiyə futbol liqasında əldə edilən çempionluqların araşdırılmasını istəyib. NTV telekanalı isə bu ittihamlar barədə qarşı tərəfin rəyini öyrənməyib. Bu gün “Qalatasaray” klubu rəsmi açıqlama yayaraq Ə. Yıldırımın ittihamlarına cavab verib, lakin NTV bu açıqlamanı da efirə verməyib.

 

NTV media qrupu “Fənərbağça” idman klubunun rəsmi üzvü Fərid Şahənkə məxsusdur.