13:22 27-08-2016
news_image
1600
STOLÜSTÜ OYUNLAR

“Fiqurları insanlardan yaxşı tanıyıram" - Şəhriyar Məmmədyarov

Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov Bakı Şahmat Olimpiadasının rəsmi feysbuk səhifəsində izləyicilər tərəfindən verilən sualları cavablandırıb. Apasport.az saytı ən maraqlı sual və cavabları sizə təqdim edir. 

- Bakı Şahmat Olimpiadası ərəfəsində həyəcan varmı?
- Həyəcan hər zaman var. Bakıda keçirilən hər bir yarış bizim üçün böyük sınaqdır.

- Sonuncu dəfə bacılarınla nə vaxt şahmat oynamısız? Ailə üzvlərinizlə oyunlarda sonuncu məğlubiyyətinizi necə xatırlayırsız?
- Təlim-məşqlərlə əlaqədar evdə az oluram. Amma sonuncu dəfə ailə üzvlərimlə görüşlərdə Türkanla məğlubiyyəti xatırlayıram. Ona uduzmuşdum. Amma Zeynəb məni turnirdə məğlub edib. Evdə rahat oynayırıq, amma yarışda sərbəstlik olmur. Ona görə Zeynəbin qələbəsini unutmamışam.

- Tələbələriniz varmı? 
- Tələbələrim yoxdu. Çünki, konkret məşqçilik etməyə vaxt olmur. 

- Sizə görə tarixdə oynanılmış ən maraqlı oyun?
- Şahmatda maraqlı oyunlar çoxdu. Mənim üçün ən maraqlı oyunlardan biri Veyk-An-Zee turnirində Veselin Topalovla Harri Kasparov arasında olmuşdu. 

- Şahmatda kumirin kim olub?
- Güclü şahmatçılar çox olub. Konkret kimisə özümə kumir seçməyim yadıma gəlmir. Amma ən güclülərdən öyrənməyə çalışmışam. 

- Sizcə tarixin ən güclü şahmatçısı kim olub?
- Bobbi Fişeri qeyd edə bilərəm. Onun partiyaları indiyə qədər öyrənilir. Eyni zamanda Harri Kasparovun adını çəkmək olar. Hər dövrün öz güclüsü var.

- Şəhriyarın uğurunun sirri nədədir?
-  Çox məşq etmək lazımdı. Bütün istirahətləri qurban verəndə uğur özü gəlir. Çox çalışmaq lazımdır. Yaxşı hazırlaşanda, bütün fikir oyuna yönələndə nəticə yaxşı olur. Uğurun sirri zəhmət çəkməklə əlaqədardı. Zəhmət olan yerdə nəticə hər zaman özünü göstərir.

- Şahmatçı olmasaydınız, hansı peşəylə məşğul olardınız?
- Yəqin ovçu olardım. Ov etməyi çox sevirəm. Vaxt olanda dostlarla ova gedirik. 

- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Son zamanlar asudə vaxt olmur. İmkan olanda dostlarla görüşürük. Təbiəti çox sevirəm. Ailə üzvlərimlə istirahət etməyi çox xoşlayıram.

- İnsanları da fiqurlar kimi yaxşı tanıyırsınız? Yəni insanlarla fiqurları müqayisə etmək olar?
- Fiqurları insanlardan yaxşı tanıyıram (gülür). İnsanlar bəzən çox tez-tez dəyişir. Amma onları fiqurlarla müqayisə etmək istəməzdim. İnsanları daha çox at və ya vəzirə oxşadardım. Oyunun ortasında at elə gedişlər edir ki, adam təəccüblənir. Vəzir fərqli gedişlərlə oynamağı bacarır. İnsanlar dəyişkən olduğu üçün vəzirin oyununa oxşayır.

- Olimpiadanın rəsmi maskotu “Şah Oğlan”ı sizə oxşadırlar. Onunla münasibətin necədi?
- “Şah Oğlan” uğurlu seçimdi. Şən obrazdı. İki həftə əvvəl ticarət mərkəzində görəndə onunla şəkil çəkdirmişəm. Çox şən oğlandı. Bəziləri onu mənə oxşadı. Çünki, şahmatda mənə qısaca olaraq “Şah” deyirlər. Özüm oxşarlıq görmədim. Amma maskotun olması yaxşıdı. Şahmatın təbliği üçün belə layihələr önəmlidi. 

- Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasında şanslarını necə qiymətləndirirsiniz?
- Şans həmişə var. Oynamaq lazımdı. Komanda kimi mübarizə apararaq mükafatçılar sırasına düşmək üçün sona qədər yarışmaq lazımdı. 

- Azərbaycanda gənc şahmatçıların əldə etdiyi nəticələrdən razısınız? Qrossmeysterlərdən kimin adını çəkə bilərsiniz.
- Yeniyetmələr hər zaman bizi sevindirib. Gənclər də müəyyən mənada həmişə uğurlu çıxış edirlər. Fərqləndirmək istəməzdim. Hamısına uğurlar arzulayıram. Çox istedadlı uşaqlar var. Nəticələrə baxarkən şahmata olan marağı hiss edirsən. Ölkədə doğurdan şahmata böyük maraq var. İstəyirəm gənclər daha çox çalışsınlar, tezliklə yığma səviyyəsinə qədər ucalsınlar (Bakı Şahmat Olimpiadasının mətbuat xidməti).