13:16 30-08-2016
news_image
3668
STOLÜSTÜ OYUNLAR

Moskvadan Bakıya: 64 xanada 64 qələbə

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası tarixində 11-ci dəfə Olimpiadada qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-14-də Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına qədər yığmamız 10 dəfə planetin ən yaxşısı adı uğrunda mübarizə aparıb.

 

İlk dəfə SSRİ dağılandan sonra – 1994-cü ildə bu yarışa qatılan şahmatçılarımız Ermənistanda baş tutan növbəti Olimpiada istisna olmaqla, bütün turnirlərdə lövhə arxasına keçib. Bu müddətdə komandamızın ən yaxşı nəticəsi 5-ci yer olub ki, həmin 2014-cü ilə təsadüf edib.

 

Rekordunu son Olimpiadada müəyyənləşdirən yığmamız ilk dəfə evdə təşkil olunacaq analoji yarışda tarixi nailiyyət qazanmaq arzusundadı. Birinci dəfə mükafatçılar sırasına düşmək, hətta çempion olmaq şansına malik komandamız fovaritlər sırasındadı. Bunu yığmamızın orta reytinqinə görə 4-cü olması da göstərir.

 

Düzdü, əsas komandamızla yanaşı, daha 2 millimiz “Kristal Zal”da qüvvəsini sınayacaq. Lakin 64 xanalı lövhə arxasına keçəcək 2-ci və 3-cü yığmalarımızın hədəfi mükafatlardan daha çox təcrübə toplamaqdı. Əsasən gənclərdən təşkil olunan bu komandaların çıxışı gələcək üçün hesablanıb.

 

Yığmamızın əvvəlki Olimpiadalardakı çıxışına gəlincə, 5-ci yerdən başqa, daha 2 dəfə “onluq”da yer almışıq. Millimizin antirekordu 2000-ci ildəki 46-cı yerdi.

 

Ölkəmiz tarixində ikinci dəfə orta reytinqi 2700-dən yuxarı olan komanda ilə təmsil olunacaq. 2008-ci ildə 2709 xala malik yığmamıza böyük ümidlər bəslənsə də, sonda 6-cı yerlə kifayətlənmişdik. Həmin göstəricidən cüzi fərqlə geri qalan bugünkü komandamızın da potensialı böyükdü.

 

İndiyədək 20 şahmatçı millimizin şərəfini qoruyub. Daha 8 zəka sahibi isə Olimpiadada yığmamızın heyətində debüt matçına Bakıda çıxacaq. Onlardan biri Arkadi Naydiç idman tariximizə ilk şahmatçı legioner kimi düşəcəksə, Ülvi Bacarani komandamızda digər “siftə” ilə fərqlənəcək. Belə ki, atası İlqar Bacarani də yığmamızda çıxış edən Ülvinin debütü ilə milli tarixində birinci ata-oğul kimi yadda qalacaq.

 

Olimpiadada iştirak edən 20 qrossmeysterimizə gəlincə, onlardan 3-ü Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov artıq 8-ci dəfə millimizlə məsul sınağa çıxacaq. Rauf Məmmədov üçün isə Bakı-2016 7-ci belə yarışdı.

 

Şahmat Olimpiadalarında xalların hesablanma prinsipi bir neçə dəfə dəyişdirilib ki, bəzən partiyalardakı qələbələr, bəzən isə komana hesabındakı nəticələr əsas götürülüb. Hər 2 göstəriciyə ayrı-ayrılıqda nəzər salsaq, yığmamızın 10 turnirdəki çıxışına qiymət vermək olar. Komandamız indiyədək 126 görüş keçirib ki, bunların yarıdan çoxunda – 64-də qələbə qazanıb. 28 heç-heçəsi olan yığmamız 34 dəfə məğlubiyyətə üzülüb.

 

Arxada qalan müddətdə şahmatçılarımız 504 partiya keçirib ki, bunlarda 190 qələbə, 209 heç-heçə və 105 məğlubiyyət qeydə alınıb. Bu, o deməkdi ki, Bakıda 10-cu qələbə 200-cü kimi tarixə düşəcək.

 

Yığmamızın illər üzrə qazandığı xalları isə turların fərqli olması səbəbindən müqayisə etmək düzgün deyil. Çünki yalnız son 4 turnirdə bu rəqəm sabit olaraq – 11-də qalıb.

 

 

İl

Heyət

Orta reytinq

Oyun

Xal, fərdi

Xal, komanda

Yer

İştirakçı sayı

Moskva-1994

Sərxan Quliyev, Rauf Hacılı, Namiq Quliyev, İlqar Bacarani, Bağır İbrahimov, Anar Allahverdiyev

2188

14

30,5

18

36

124

İrəvan-1996

-

-

13

-

-

-

114

Elista-1998

Aydın Hüseynov, Sərxan Quliyev, Rauf Hacılı, Anar Allahverdiyev, Azər Mirzoyev, Cavad Məhərrəmzadə

2474

14

27,5

14

43

110

İstanbul-2000

Məhəmməd Zülfüqarlı, Cavad Məhərrəmzadə, Azər Mirzoyev, Rüfət Bağırov, Şəhriyar Məmmədyarov, Nicat Məmmədov

2456

14

30

14

46

126

Bled-2002

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov, Rəsul İbrahimov, Cavad Məhərrəmzadə

2575

14

31

15

30

135

Kalviya-2004

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov, Rauf Məmmədov, Rəsul İbrahimov

2615

14

31,5

16

22

129

Turin-2006

Teymur Rəcəbov, Vüqar Həşimov, Namiq Quliyev, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli

2643

13

30

16

24

148

Drezden-2008

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov, Rauf Məmmədov

2709

11

29

16

6

146

Xantı-Mansiysk-2010

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli

2694

11

28

15

12

149

İstanbul-2012

Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov

2693

11

29

15

10

157

Tromse-2014

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov

2694

11

28

17

5

176

2016

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli
Arkadi Naydiç

2705

 

 

 

 

182

 

Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov, Ülvi Bacarani

2576

 

 

 

 

 

 

Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov, Abdulla Qədimbəyli

2350