09:24 05-09-2016
news_image
716
STOLÜSTÜ OYUNLAR

“Bəxtimiz gətirsə, medal qazanmağımız mümkündü” - Arkadiy Naydiç

“Gərgin partiya alındı. Debütdən sonra oyunu bərabərləşdirə bildim. Daha sonra rəqibim bir qədər qəribə oynamağa başladı. Sonda istəyimə çatdım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Arkadi Naydiç deyib.

 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda əsas millimiz Macarıstana 3:1 hesabıyla qalib gəlib. Dördüncü lövhədə mübarizə aparan Naydiç Benjamin Qleduranı məğlub edib.

 

Mətbuat konfransında Naydiç qələbə qazandığı partiyanı belə şərh edib: “Macarıstanlı şahmatçı çalışsa da, yenilgidən qaça bilmədi. Ötən Avropa çempionatında biz Macarıstana 0,5:3,5 hesabı ilə uduzmuşduq. Yeganə yarım xalı Petor Lekodan almaq mümkün olmuşdu. Leko bu yarışda yoxdu. Amma Macarıstan millisi o olmadan da güclüdü. Bu səbəbdən də görüşə çox ciddi şəkildə hazırlaşmışdıq”.  

 

Naydiç rəqibini məğlub edənə qədər komanda yoldaşlarından Şəhriyar Məmmədyarov qələbə qazandığı halda, Teymur Rəcəbov məğlub olub. Naydiç vəziyyəti belə dəyərləndirib: “Görüş əvvəldən gərgin alındı. Şəhriyarın vəziyyəti qeyri-müəyyən idi. 3 saatdan sonra onun qələbə qazanacağı ehtimal edilirdi. Teymur isə əksinə, çətin vəziyyətə düşmüşdü. Raufun müəyyən qədər üstünlüyü var. Lakin partiya heç-heçəyə oxşayır. Mənim oyunumda da gedişat heç-heçəyə oxşayırdı. Bu səbəbdən də ya mən, ya da Rauf qələbə qazanmalıydı. Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazanaq. Bu halda komanda yoldaşlarımız daha rahat oynaya biləcəkdilər”.  

 

Naydiç dördüncü lövhədə oynamağın onun üçün ciddi əhəmiyyət kəsb etmədiyini bildirib: “Komandamızdakı 5 idmançının hamısı güclüdü. Şəhriyar və Teymurun təqdimata ehtiyacı yoxdu. 4-cü lövhədə oynadığımdan əksər oyunlarda reytinqimə görə favorit hesab olunuram. Turnir uzundu. Hər kəs əlindən gələni edir ki, komandaya daha çox fayda versin. Mənim üçün hansı lövhədə oynamağın heç bir fərqi yoxdu”.

 

Naydiç komanda yoldaşı Teymur Rəcəbovun yüksək səviyyəsini qeyd edib: “Teymur Rəcəbov yüksək səviyyəli şahmatçıdı. O, dünyanın ən güclülərindən biridi. Teymur nə etməli olduğunu çox yaxşı bilir”.

 

Təcrübəli qrossmeyster yığmamızın düşərgəsində əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb: “Komandamızın məşqçisi Etyen Bakro ilə uzun illərdi dostluq əlaqələrimiz var. Onu çox yaxşı tanıyıram. Kapitan Aleksendr Dreyev isə daha əvvəl Şəhriyar və Raufla birgə çalışıb. Komandada vəziyyət çox yaxşıdı. Hər kəs qələbəyə köklənib”.

 

Sonda Naydiç Olimpiadanın favoriti qismində 3 komandanın adını çəkib: “Olimpiadanın favoritləri Rusiya, ABŞ və Çindi. Bizim nəticəmiz bu komandalara qarşı oyunlardan asılı olacaq. Bir qədər bəxtimiz gətirsə, medal qazanmağımız mümkündü”.