10:07 06-09-2016
news_image
1624
STOLÜSTÜ OYUNLAR

“Müasir binaların İçərişəhərlə harmoniyası məni valeh edir”

“Hollandiya Olimpiadanın favoriti hesab olunmur. Biz ilk 4 turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadı”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya millisinin şahmatçısı Aniş Qiri deyib.

 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının IV turunda İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Hollandiya millisi 4 turdan sonra maksimum nəticə göstərməklə üçüncü pillədə qərarlaşıb. İngiltərə ilə görüşdə yalnız birinci lövhədə yarışan Qiri Maykl Adamsla heç-heçə edib.

 

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mətbuat konfransında iştirak edən Aniş Qiri komandasının ilk 4 turdakı çıxışını belə dəyərləndirib: “Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadı”.

 

Hollandiya yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə də danışıb: “Ötən il Bakıda keçirilən Dünya Kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçərişəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldı. İnsanların piyada gəzməsi, ilk növbədə Bakı Bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam”.

 

Hollandiya millisi Bakıda keçirilən olimpiadada Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edir. Bu mütəxəssis isə Giriyə tanışdı. Çünki vaxtı ilə onun da çıxış etdiyi “SOCAR-Azerbaijan” komandasının kapitanı Tukmakovdu: “Klub və millidəki iş fərqlidi. “SOCAR-Azerbaijan”ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdı”.  

Qiri hazırda 3 ölkə - Hollandiya, Rusiya və Gürcüstanda yaşayır. Sonuncu ölkənin seçilməsi təsadüf deyil. Çünki Aniş Girinin həyat yoldaşı gürcüstanlı şahmatçı Sofiko Quramişvilidir.