23:04 07-09-2016
news_image
2469
STOLÜSTÜ OYUNLAR

Latviyanın maliyyə naziri: Bakı Olimpiadasında özümü çox rahat hiss edirəm

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının geridə qalan müddətdə əsas sensasiyası qadınların yarışında IV turda baş tutub. Apasport.az saytının Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən məlumatına görə, latviyalı şahmatçı Dana Reyznietsa-Ozola Çin yığmasının lideri, dünya çempionu Hou Yifanı məğlub edib.

 

Ümumi nəticədə Çin yığması Latviyanı 2,5:1,5 hesabı ilə məğıub etsə də, Reyznietsa-Ozolanın qələbəsi böyük rezonans doğurub. Xanım şahmatçı ilə maraqlı bir məqam da var. Belə ki, Bakı Şahmat Olimpiadasında mübarizə aparan Dana Reyznietsa-Ozola Latviyanın maliyyə naziridi.

 

Bakı Kristal Zalının mətbuat zalında əcnəbi və yerli jurnalistlər üçün mətbuat konfransı təşkil edən latviyalı şahmatçı qələbəsini belə şərh edib: “Dünya çempionu üzərində qələbə mənim üçün bayramdı. Latviyadan xeyli təbrik zəngi gəldi. Təəssüratlarım çox yaxşıdı. Hər halda, şahmat kraliçasını məğlub etmək insana hər gün qismət olmur. Təkcə nəticədən yox, həm də oyundan razıyam. Hər partiya kiçik həyatdı”.

 

Reyznietsa-Ozola şahmat və dövlət işi ilə eyni vaxtda məşğul olmasından da söz açıb: “Hər şey asandı. Balansı qorumaq mümkündü. İşimdə xeyli enerji sərf edirəm. Birinci lövhədə mübarizə aparmağım lider olmağımın göstəricisidi”.

 

Latviyalı şahmatçı Olimpiadadan öncə yaxşı hazırlıq keçdiklərini bildirib: “Reytinqə görə yarış iştirakçıları arasında iyirminci yeri tuturuq. Bakıya gəlməmişdən öncə təlim-məşq toplanışında olduq. Həm nəzəri, həm də praktiki məşğələlər keçdik. Bir ailə kimi yarışa hazırlaşmışıq”.

 

Dana Reyznietsa-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: “Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətə bir neçə gedişi əvvəldən görməlisən. 4 övlada sahibəm. Böyük qızımın 13 yaşı var. Amma o, daha çox futbol və basketbolla məşğul olur”.

 

Sonda isə latviyalı xanım Bakı Olimpiadasının yüksək səviyyədə təşkilinə toxunub: “Bu, iştirak etdiyim sayca 8-ci, ümumilikdə isə gördüyüm ən yaxşı olimpiadadı. Hər şey çox yaxşı təşkil olunub. İnsan özünü çox rahat hiss edir. Bu cür yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdaram”.