00:01 09-09-2016
news_image
2182
TOP OYUNLARI

“Onun belə düşünməsinin bizə ziyanı yoxdu” – Tyaqo Teles Martins

Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Tyaqo Teles Martinsin apasport.az saytına müsahibəsi.

 

- Dünya çempionatının başlamasına az vaxt qaldı. Komandamız oyunlara hazırdımı?

- Təbii ki, oyunlara hazırıq. Yaxşı təlim-məşq toplanışı keçirdik. Fiziki hazırlığın ardından taktiki-texniki çalışmalara üstünlük verildi. Çox şadıq ki, artıq Kolumbiyadayıq. Dünya çempionatına Mərakeşlə oyunla start verəcəyik. Bərbi başdan çətin keçəcəyini bilirik. Amma oyuna hazırıq.

 

- Mərakeş yığmasının üzvü açıqlamasında qrupda əsas mübarizənin çempionlar arasında gedəcəyini deyib. Azərbaycanı unutması nədən irəli gəlir?

- Onun bu cür düşünməsinin bizə ziyanı yoxdu. Yenə deyirəm, başlanğıc çox vacibdi. Bizə sakit oynamaq, əsəblərimizə hakim olmaq lazımdı. Çünki adaptasiya olmaq baxımından oyun ağır keçəcək. Mərakeşin güclü rəqib olduğunu bilirik. Ola bilər, kimlərsə onları qrupumuzun autsayderi sayır, amma oyunöncəsi komandaların şansları bərabərdi. Ümumiyyətlə, oyunlar fərqli keçəcək. Hər bir oyunun öz axarı, alınıb-alınmamağı var.

 

- Baş məşqçi Mərakeşlə oyunöncəsi futzalçıların psixoloji baxımdan oyuna nə dərəcədə hazır olub-olmayacağından narahatdı. Buna əsas varmı?

- Hamımız hansı yükün altında girdiyimizi yaxşı başa düşürük. Çətin olacaq, amma toparlanacağıq. Dünya çempionatının atmosferi fərqli olur. Psixoloji baxımdan oyuna köklənəcəyik. Hər şey normaldı. Çoxsaylı “ev tapşırıqları” üzərində işləmişik. Fiziki cəhətdən də oyuna tam hazırıq.

 

- Son günlərdə Mərakeşin oyununa baxmısınızmı?

- Əlbəttə, izləmişik. İki oyunlarına baxmışıq. Onların əsas diqqəti cəlb edən cəhətləri futzalçılarının fərdi baxımdan yaxşı oynamalarıdı. Driblinqlər edən oyunçuları var. Çox hərəkət edirlər. Taktiki cəhətdən nəyisə qabartmaq istəməzdim.

 

- Bəs İran və İspaniya haqda heç nə demədiniz...

- İndi birinci oyuna köklənmişik. Həm də bu gün internet vasitəsilə İspaniya və İranın çoxsaylı oyunlarını tapmaq mümkündü. İspaniya haqda danıışmağa ehtiyac varmı? Usta oyunçulardan qurulub. İran isə oturuşmuş heyətə sahibdi. Hazırkı heyətləri 5-6 ildi bir yerdə çıxış edirlər. Kimin necə oynadığını yaxşı bilirlər. Təbii ki, biz də onlarla oynamağa hazırıq.