09:03 09-09-2016
news_image
1762
STOLÜSTÜ OYUNLAR

“Şəhriyar çətin vəziyyətlə üzləşmişdi” - Rauf Məmmədov

Şahmat üzrə əsas milli komandamızın üzvü Rauf Məmmədov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, qrossmeyster ilk 5 turu təhlil edib, Hindistan yığmasına məğlubiyyətdən danışıb.

 

- Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında geridə qalan 5 turda komandamızın çıxışını necə dəyərləndirmək olar?

- İlk 4 turdakı çıxışımızı soruşsaydınız, daha yaxşı olardı (gülür). Beşinci turda Hindistana qarşı oyunumuz çətin alındı. İlk 4 turda maksimum nəticə göstərsək də, təəssüf ki Hindistanla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmadı.

 

- Yəqin ki Hindistana uduzacağınızı gözləmirdiniz...

- Xeyr, bu məğlubiyyət bizim üçün sürpriz oldu. 1:3 hesabı ilə uduzacağımızı gözləmirdik. Amma qeyd etmək lazımdı ki, Hindistan yığması bu turnirdə çox güclü çıxış edir. İnanılmaz oyun sərgiləyir. Vişvanatan Anand heyətdə yer almasa da, komandanın gənc üzvləri özlərini çox yaxşı tərəfdən göstərirlər. Turnirdən qabaq heç kim Hindistan yığmasından belə oyun gözləmirdi. Harikrişna Şəhriyar Məmmədyarova qarşı inanılmaz oynadı.

 

- Halbuki partiyanın əvvəlində Şəhriyar Məmmədyarovun rəqibdən üstün olduğunu görünürdü.

- Bəli, əvvəldən Şəhriyar üstün idi. Amma Harikrişna inanılmaz oyun sərgiləyərək qələbə qazandı.

 

- Belə fikirlər səslənir ki, Şəhriyarın top-fil dəyişməsi qeyri münasib idi və bu, məğlubiyyətdə böyük rol oynadı.

- Şəhriyar başa düşürdü ki, qəliz vəziyyətdədi. Yəqin başqa gediş olmadığını düşünüb. Həqiqətən də çətin vəziyyətlə üzləşmişdi. O anda yalnız kompüter vasitəsi ilə gediş tapmaq olardı. İnsan gözü ilə çox çətin idi.

 

- Məmmədyarov bu il Şəmkirdə də Harikrişnaya uduzmuşdu. Lakin sonda şahmatçımız çempion oldu. Sizcə eyni ssenari bu dəfə də təkrarlana bilər?

- Həqiqətən də belə olmuşdu. İnanırıq ki, Şəhriyarın məğlubiyyəti düşərli olacaq. Eyni nəticənin təkrarlanması hər birimizin arzusudu.

 

- Hindistanın çıxışını qeyd etdiniz. Başqa hansı komandanı oyunu ilk 5 turda sizi yaxşı mənada təəccübləndirib?

- Ukraynanı qeyd etmək olar. İnanılmaz dərəcədə inamlı təsir bağışlayırlar. Artıq Rusiya və Çini məğlub ediblər. Bu gün də qələbə qazansalar, medal qazanmaq şansını xeyli artıracaqlar.

 

- Hindistanla görüşdə alınan məğlubiyyətdən sonra heyətdə dəyişiklik ediləcəyi gözlənilirdi. Lakin siz VI tur çərçivəsində Yunanıstanla görüşdə də istirahət edirdiz...

- Hindistana məğlubiyyətdən sonra istirahət günü idi. Bəlkə də heyətdə dəyişiklik olmaması bundan irəli gəlir. Həm də Eltac Səfərli hələ də ağ fiqurlarla oynamamışdı. Seçim kapitanındı və onun qərarına hörmətlə yanaşıram.

 

- Məğlubiyyətin istirahət günündən öncəyə təsadüf etməsi komandamızın xeyrinə oldu?

- Həqiqətən də çox yaxşı oldu. Çünki Tromsedə 7-ci turda Çinə uduzduq. Növbəti gün gözlənilmədən Rumıniya ilə heç-heçəyə razılaşdıq. Ona görə də istirahət günündən öncə uduzmaq sonra məğlub olmaqdan daha yaxşıdı.

 

- Olimpiadanın Bakıda keçirilməsi üzərinizdə əlavə təzyiq yaradır?

- Öz adımdan deyə bilərəm ki, hər hansı təzyiq yoxdu. Əksinə bu, çox yaxşı motivasiyadı. Artıq 7-ci olimpiadada iştirak edirəm. Həmişə arzulamışdım ki, olimpiadaya ev sahibliyi edək. Vətəndə hər kəs səni dəstəkləyir, hörmətlə yanaşırlar. Mənim üçün evdə oynamaq çox xoşdu. Üstəlik, olimpiadanın səviyyəsi çox yüksəkdi. Komandalar ən yüksək səviyyəli otellərdə qalırlar. Bu cür şəraitlə heç bir olimpiadada qarşılaşmamışam.

 

- Sentyabrın 6-da olimpiadanın iştirakçıları üçün keçirilən “Bermuda Parti”yə qatıldınız?

- Xeyr, iştirak etmədim. İştirak sərbəst idi. Sadəcə özüm istəmədim. Amma eşitdiyimə görə, çox maraqlı tədbir alınıb.

 

- İstirahət gününü necə keçirdiniz?

- Əla. Oteldə dincəldim. Dost-tanışla söhbət etdik. İstirahət vaxtım çox səmərəli keçdi.