10:42 10-09-2016
news_image
877
STOLÜSTÜ OYUNLAR

“Yavaş-yavaş yorğunluq hiss olunur” – yığmamızın kapitanı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda qadınlardan ibarət əsas komandamız güclü Hindistan yığmasını məğlub edib. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra millimizin kapitanı Fikrət Sideifzadə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb. Arxada qalan oyunların şərh edən mütəxəssis mükafat qazanmaq şanslarını dəyərləndirib.

 

- 7 turdan sonra komandamızın ümumi çıxışını necə dəyərləndirmək olar?

- Gözləniləndən daha yaxşı oynayırıq. Komandamızın çıxışından çox razı razıyam. 5 şahmatçının hər biri əlindən gələni edir. Bu nəticələr yaxşı mənada bir qədər gözlənilməzdi. Hindistan, Polşa kimi dünyanın ən güclülərindən hesab olunan komandalar üzərində qələbə qazanmışıq. Qarşıda hələ 4 tur var. Ən vacib son 4 oyundu. Qızların hamısı özünü yaxşı tərəfdən göstərir. Hələlik əsas favoritlər - Ukrayna, Rusiya və Çinlə görüşməmişik. Lakin birinci “10-luq”da yer alan komandalardan 5-i ilə qarşılaşmışıq və onların heç birinə uduzmamışıq. İstənilən rəqibə qarşı oynaya bilərik.

 

- Uğurun sirri nədədi?

- Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman nazirliyi komanda üçün çox yaxşı hazırlıq təşkil etmişdi. Proqrama əsasən 3 dəfə toplanış keçdik. Gündə 6 saat məşq olurdu. Heyətin düzgün seçilməsi də bəhrəsini verir. Düzülüşdən tam razıyam. İstədiyimiz nəticələri ala bilirik. Heyətdə 2 gənc şahmatçı var. Günay Məmmədzadə və Aydan Höccətova bu ildən komandaya qatılıblar. Heyətdə mütləq yenilənmə olmalıdı. Gənclər böyük qüvvə ilə oynayırlar. Bir sözlə, son 4 turu böyük həyəcanla gözləyirik. İnanırıq ki, qızlar başladıqları kimi də turniri uğurla bitirəcəklər.

 

- Günay Məmmədzadə və Aydan Höccətovanı qeyd etdiniz. Gənc şahmatçıların heyətdə yer alması risk deyildi ki?

- Bunu risk hesab etmirəm. Son illər onların hər ikisi nəticələri ilə güclü şahmatçı olduqlarını sübut ediblər. Avropa və dünya çempionatlarında uğur qazanıblar, təsadüfi şahmatçı deyillər. Əmsalları da kifayət qədər yüksəkdi. Onların heyətə daxil edilmələri düzgün və vaxtında verilmiş qərar idi.

 

- Ölkə çempionu olan Nərmin Kazımovanın dördüncü lövhədə yer alması da bir qədər gözlənilməz oldu.

- Düzdü, o, son ölkə çempionu olsa da, 1 yarışla iş bitmir. Hazırlıq dövründə şahmatçıların son illərdəki çıxışları təhlil etdik. Komanda yarışının öz xüsusiyyətləri var. Həddindən artıq həyəcana düşən idmançı komandaya pis təsir edir. Nərmin kimdənsə zəif deyil. Sadəcə, belə düşündük ki, onun dördüncü lövhədə çıxış etməsi məqsədəuyğundu.

 

- Ardıcıl güclü komandalarla qarşılaşma şahmatçılarımızda yorğunluq yaratmayıb?

- Yavaş-yavaş yorğunluq hiss olunur. Şübhəsiz, fasiləsiz oynamaq çətindi. Həm də ilk 2 turu nəzərə almasaq, ardıcıl güclü komandalarla qarşılaşmışıq. Hamısı reytinqdə bizdən öndə olan komandalardı. Ümid edirəm ki, şahmatçılarımızın sona qədər mübarizə aparmağa gücləri çatacaq. Gəncdilər, qüvvələri çoxdu.

 

- Zeynəb Məmmədyarova birinci lövhədə ümidlərinizi doğruldur?

- Zeynəbə birinci lövhədə yer verəndə bəziləri bu qərara görə məni qınayırdı. Amma o, geridə qalan müddətdə ümidlərimizi doğruldur. Zeynəb ilk lövhədə çox yaxşı oynayır. Xüsusən də komanda yarışlarında. Böyük təcrübəsi var və heç bir rəqibdən qorxmur. Əsas məqsədimiz ilk 2 lövhədə uduzmamaq, son 2 lövhədə isə mümkün qədər çox xal qazanmaqdı. Hələ ki bu taktikamız özünü doğruldur.