12:49 27-09-2016
news_image
2193
TOP OYUNLARI

Komanda sarıdan bəxti gətirməyənlər - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışına keçdiyi yolu əhatə edəcək 12 yazıdan doqquzuncusu komanda sarıdan bəxti gətirməyənlərə həsr olunur. Bu dəfə keçmiş SSRİ vaxtı Olimpiadada iştirak etmək imkanına malik olan komanda idman növlərindəki təmsilçilərimizin müstəqillik dönəmində üzləşdiyi həsrəti nəzərdən keçirəcəyik.

 

Parisdən başlayan rəqabət

Məlum olduğu kimi idman növləri 2 qrupa ayrılır. Bunlardan birincisi fərdi idman növləri, ikincisi komanda yarışlarıdı. Düzdü, bəzi fərdi növlərdə də kollektiv şəkildə mübarizələr yaşanır. Buna atletikanın estafet, bədii gimnastikanın qrup hərəkətləri kimi nümunələr göstərmək olar. Komanda idman növlərinə gəldikdə, bura sırf kollektivlərin qüvvəsini sınadığı növlər daxildi. Ən populyar idman növü olan futbol, həmçinin basketbol, həndbol, su polosu, voleybol, otüstü hokkey, reqbi-7 kimi növlər Olimpiadalarda komanda idman növlərini təmsil edir. Maraqlıdı ki, bu yarışlar ilk dəfə Afina-1896-da deyil, Paris-1900-də proqrama salınıb. Bu növlərdən başqa, polo, softbol, beysbol, kriket müxtəlif vaxtlarda Olimpiya proqramına daxil olub. Xeyli sayda idman növü isə nümunəvi çıxışda sınanıb. Demək olar ki, növlərin hamısında həm kişilər, həm də qadınlar mübarizə aparır. Hərçənd əvvəllər bir çoxunda yalnız kişilər çıxış edirdilər.

 

Romada rəsmiləşən ilk

1952-1988-ci illərdə SSRİ, 1992-ci ildə MDB və 1996-cı ildən başlayaraq müstəqil yığma kimi 4 illiyin mötəbər yarışına qatılan Azərbaycan idmançıları bu 3 dönəmdən yalnız birincisində komanda növlərində təmsil olunub. Helsinki-1956 və Melburun-1952-də atletlərimiz güclü rəqabət olan SSRİ millilərinə düşməyi bacarmayıb. Lakin ilk özünü çox gözlətməyib. Artıq Roma-1960-da komanda növlərində də təmsilçimiz Olimpiadaya yollanıb. Bu su polosu yığmasının üzvü Yevgeni Saltsin olub. O, SSRİ komandasının heyətində finala qədər irəliləyərək, gümüş medal qazanıb. Bu komanda idman növlərində ilk medalımız olub.

 

İddialı komandanın uğurundan faydalananlar

SSRİ Olimpiya Hərəkatının nəhənglərindən biri olub. Bu səbəbdən də bütün komanda növlərində çempionluq uğrunda mübarizə aparıb və əksər hallarda yarışı medalla bitirib. SSRİ yığmasına düşməyin özü böyük ölçüdə mükafat qazanmağın yarıdan çoxu olub. Hətta yığmaya düşmək fəxri kürsüyə yüksəlməkdən baha başa gəlirdi. SSRİ yığması ilə Oyunlara yollanan bütün idmançılarımız medal qazanıblar. Onlar İttifaq komandasını su polosu, həndbol, voleybol, futbol və otüstü hokkey növlərində təmsil ediblər. Bu 5 növdə 4 kişi, 7 qadın idmançımız ümumilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medala sahib olublar. Elə oyunçularımız olub ki, heyətə düşməyib, yaxud komandasına bir neçə dəqiqə kömək edə bilib. Buna misal kimi İnna Rıskalla İqor Ponomaryovu da göstərmək olar. Əgər 4 dəfə finala yüksələn voleybolçumuz ilk Olimpiadası istisna olmaqla, digərlərində SSRİ yığmasının kapitanı kimi əsas heyətə düşübsə, Ponomaryov Olimpiadada yalnız 1 matça çıxıb. Amma komandanın uğuru onu da mükafatçı edib.

 

28 illik həsrət

Seul-1988 komanda idman növlərində təmsil olunduğumuz sonuncu Olimpiada olub. MDB yığmaları 4 il sonra Barselonada kifayət qədər uğurlu çıxış etsələr də, bu komandaların heyətinə Azərbaycandan heç kim dəvət edilməyib. Bu da təsadüfi deyildi. Çünki həmin Olimpiadaya lisenziya ərəfəsində ölkəmizdə müharibə gedirdi və idmanımız “kölgəyə” çəkilmişdi. Digər əsas səbəblərdən biri yad ölkəyə çevrilməyimiz səbəbindən komandaların ruslara, ukraynalılara, belaruslara güvənməsi həmyerlilərimizi ofsayda atmışdı. Bu da həmin vaxt güclü olan həndbolçularımızın və voleybolçularımızın yolunu bağlamışdı. Barselona-1992-də komanda idman növlərində təmsil olunmağımız üçün son böyük şans idi. Çünki hələ də birləşmiş komanda şəklində iddialı olmaq mümkün idi. Atlanta-1996-dan isə idmançılarımız üçün yeni era başlayacaqdı. Həmin era ki, artıq həmyerlilərimiz başqa bayraq altında deyil, doğma yığma ilə 4 illiyin mötəbər turnirində münasibətinə aydınlıq gətirməliydi. Bu isə indiyədək hələ də mümkün olmayıb.

 

Bakıda qırılan ümid

Müstəqillik illərinin ən güclü milli komandasının qadınlardan ibarət voleybol yığmasının olduğunu desək, yanılmarıq. Dünya və Avropa çempionatlarının final mərhələlərinə çıxması artıq adiləşən Faiq Qarayevin yetirmələri ən böyük hədəfinə - Olimpiadaya çata bilməyib. Hərçənd, müstəqillik illərində ən böyük iki şansdan biri məhz onlara nəsib olmuşdu. Özünün ilk lisenziya turnirindəcə millimiz Afina-2004-ə daha yaxın idi. Avropa Təsnifat Turnirinə ev sahibi kimi qatılsaq da, voleybolçularımız onlara bəslənilən ümidləri doğrultmadı. 2004-cü il yanvarın 5-10-da Bakıda baş tutan yarışda Azərbaycan Almaniya, Polşa və Rusiya ilə A qrupunda münarizə apardı. Əla formada olan komandamız yalnız polşalılara qalib gəlməklə, “dördlüyü” sonuncu yerdə bitirdi və mərhələ adlaya bilmədi. Digər qrupda isə Türkiyə, İtaliya, Bolqarıstan və Hollandiya voleybolçuları münasibətinə aydınlıq gətirdi. Bu komandalardan Almaniya, İtaliya, Polşa və Türkiyə yarımfinala yüksəlsə də, yekunda birincilər “ay-ulduzlular”ı həlledici oyunda məğlub etməklə Bakıdan Afinaya bilet sifariş etdilər. Növbəti cəhdlərimizdə isə heç vaxt lisenziyaya bu qədər yaxınlaşa bilməmişik. Pekin-2008 və London-2012-nin təsnifat mərhələlərinə qatılsaq da, ilkin mərhələlərdə yarışla vidalaşmışıq. Amma Rio-2016-nın seçmə mərhələsindən kənar qalan yığmamız bu gün növbəti Olimpiadada – Tokio-2020-də çıxış üçün yeganə ümidimizdi. Çünki digər komandalarımızla müqayisədə qadınlardan ibarət millimiz güclə də olsa, hələlik “ayaqüstə”di.

 

Onlarla müqayisədə voleybolçu kişilərdən ibarət yığmamızın şansları demək olar ki, sıfra bərabərdi. Hazırda heç də yaxşı günlərini yaşamayan komanda Afina-2004 və Pekin2008-də Olimpiada istəyində olub. Lakin ilk cəhddəcə onların arzusu “dəfn edilib”. Ardınca Avropa və dünya çempionatlarının ilkin mərhələsində belə fərqlənməyən, hətta bəzən beynəlxalq arenadan “yoxa çıxan” yığmamız illər ötdükcə Oyunlar istəyindən əl çəkib. 

 

“Ölən yığmamız”ın fövqəladə şansı

Müstəqillikdən bir müddət sonra, daha doğrusu, 2001-ci ildən sonra otüstü hokkey növü yenidən intibah dövrünə qədəm qoydu. Voleybol kimi burada da zərif cinsin nümayəndələri adından söz etdirməyə başladılar. Avropa və dünya çempionatlarında daima həlledici mərhələdə oynayan qadınlardan ibarət yığmamız 2008-in aprelində tarixi şans da qazandı. Beynəlxalq Otüstü Hokkey Federasiyası Pekin Yay Olimpiya Oyunlarına lisenziya verəcək 3 iştirakçını müəyyənləşdirmək üçün 3 təsnifat mərhələsindən birini ölkəmizə etibar etdi. Həmin ərəfədə bir neçə legioneri də milliləşdirən komandamız yaxşı formada olsa da, yekunda Olimpiadaya yollana bilmədi. Voleybol yığmamızdan fərqli, lisenziyanın 1 addımlığında dayandı. Düzdü, hokkeyçilərimiz ilkin mərhələdə Bakıya lisenziya ardınca gələn Ukrayna, Çili, Keniya və Belarusa qalib gəlməkdə ciddi problemlə üzləşmədi. Lakin hər şey bu qələbələrdən sonra başladı. Yarışın son turunda İspaniya yığmasına uduzan təmsilçimiz ikinci pillədə qərarlaşdığından liderlə bir daha finalda üz-üzə gəldi. Lakin ispanlar bu dəfə də yığmamızdan güclü oldu. 2:3 hesablı məğlubiyyət isə Bakıda daha bir lisenziyanın itirilməsi ilə tarixdə qaldı.

 

Bundan sonra isə otüstü hokkeyçilərimiz də heç vaxt Olimpiadaya yollanmaq şansına bu qədər yaxın olmadılar və demək olar ki, ilkin mərhələdə bu xəyalla vidalaşdılar. Rio-2016-ya vəsiqə uğrunda yarışlarda isə artıq komandamızın özü tarixin yaddaşına köçdü. Maliyyə səbəbindən yarışa yollana bilməyən hokkeyçilərimiz nəinki Olimpiada arzularını, hətta komanda kimi bir yerdə oynamaq ustəklərini belə “dəfn etdilər”.

 

Qadın millimiz kimi kişilərdən ibarət yığmamız da fəaliyyətini dayandırıb. Hətta hazırda Otüstü Hokkey Federasiyasının varlığı ilə yoxluğu belə bilinmir. Lakin zərif cinsin nümayəndələrindən fərqli, kişilərdən ibarət komandamız lisenziya qazanmaq gücündə olmayıb. Həmçinin reytinqinə görə də aşağı yerlərdə qərarlaşdığından şansları da çox az olub.

 

Olimpiya çempionlarının uğursuz davamçıları

Bu növdə də qadınlardan ibarət yığmamız daha uğurlu çıxışı ilə fərqlənirdi. Lakin bu gün nə onlar, nə də kişilərdən ibarət komandamız azarkeşlərini heç kiçik turnirlərdə belə sevindirmək gücündə deyillər.

 

Xanım həndbolçularımıza gəlincə, bu komanda nə voleybol, nə də otüstü hokkey qədər Olimiadaya yollanmaq şansına yaxın olmayıb. Çünki həndbolda lisenziya qazanmaq heç də asan deyil. Burada Olimpiada tsiklində son dünya və qitə çempionları Oyunlarda iştirak hüququna yiyələnir. Həmçinin 3 təsnifat turniri olur ki, həmin yarışda da adətən mundialda və qitə turnirlərində ilk “üçlük”də qərarlaşanlar güclərini yoxlayırlar. Bu mərhələyə qədər yüksəlmək isə hələlik bizə nəsib olmayıb. Son illər maliyyə problemi səbəbindən dünya və Avropa birinciliklərindən imtina edən həndbol yığmamızın tezliklə bu maneəni aşacağı da inandırıcı görünmür. Çünki SSRİ dövründə Olimpiya çempionu olan Rəfiqə Şabanova və Lüdmila Şubina müstəqillikdən sonra millimizə bu hüququ qazandırmaq istəsə də, buna heç yaxın düşə bilmədilər. 

 

Məğlubiyyətə alışan və həmişə hansısa yarış ərəfəsində bir araya gələn kişilərdən ibarət yığmamızdan isə Olimpiada lisenziyası gözləməyə dəyməz. Çünki onlar bir komanda olaraq, hansısa yarışda iştirak etsələr belə özləri üçün yeni uğurdu.  

 

Kurtinaytisin xilas edə bilmədiyi yığma

Bu növ nə müstəqilliyə kimi, nə də ondan sonra ölkəmizdə populyarlıq qazana bilməyib. Hətta SSRİ dönəmində də nəinki medal, heç yığmanın heyətinə düşməkdə belə çətinlik çəkmişik. Həmyerlilərimizdən yalnız Elşad Qədəşov İttifaq komandası ilə birgə Olimpiadada iştirak etsə də, bu hüquqa Rusiya təmsilçisi kimi nail olub.

 

Basketbolda qadınlardan ibarət yığmamızla müqayisədə kişilərdən ibarət millimiz bir qədər güclü hesab edilir. Lakin onlar da 2002-ci ilin avqustunda litvalı Olimpiya, dünya və Avropa çempionu Rimas Kurtinaytisin baş məşqçi gətirilməsindən sonra komanda kimi formalaşsalar da, onun gedişindən sonra yenidən “kölgəyə çəkildilər”. Düzdü, daima Avropa çempionatının B və C divizionlarında oynayan milli əsas seçmə mərhələdə də çıxış etməyi bacarıb. Lakin startdaca mübarizəni dayandıran basketbolçularımız ardınca “Novruz kuboku” kimi turnirlərə qatılmaqla varlığını hiss etdirməyə başlayıb. Bu isə o deməkdi ki, avrokuboklara belə qatılmaq gücündə olmayan ölkəmizin yaxın gələcəkdə Olimpiadaya yollanmaq şansı yoxdu.

 

Qadınlardan ibarət millimiz isə demək olar ki, “can verir”. Bu səbəbdən də onların “ayaqda durması” legionerlər hesabına mümkündü. Amma bununla da nəinki Oyunlara, heç hansısa nüfuzlu turnirə də ümid etmək olmaz.  

 

Hazır lisenziyadan imtina edən millimiz

Bu idman növünün Azərbaycanda varlığı müstəqillikdən sonra yox dərəcəsinə enib. Komanda idman növlərində ilk Olimpiya mükafatçımız məhz bu növdən çıxsa da, SSRİ dağıldıqdan sonra su polosu lazımsız yığmaya çevrilib. Hərçənd SSRİ vaxtı QBXD (Qızıl Bayraqlı Xəzər Donaması) kimi komandamız daima İttifaq çempionatının yüksək liqasında mübarizə aparırdı. İmperiya dağıldıqdan sonra bu idman növünün xilas olunması üçün dəfələrlə cəhd edilsə də, müsbət irəliləyişə nail olunmayıb. Yalnız qonşu ölkələrlə yoxlama matçları ilə kifayətlənən millimiz hətta Bakıda keçirilən Avropa Oyunlarından da imtina etdi. Baxmayaraq ki, meydan sahibi kimi ora birbaşa qatılmaq hüququna yiyələnən ölkəmiz həm kişi, həm də qadınların yarışında təmsil olunmalı idi. Bu isə gələcəyə nikbin baxmağa heç bir əsas vermir. Hazırda bu idman növünün varlığı beynəlxalq dərəcəli hakimimiz Mark Koqanovdan ibarətdi.

 

Gerçəkləşməsi gözlənilməyən xəyallar

Futbol yarışlarında isə digər növlərdən fərqli, yaş limiti də rol oynayır. Burada əsas komandalar mübarizə aparmadığı yarışa seçim də fərqlidi. Azərbaycan millisinin Avropadan Olimpiadaya yollanmaq üçün U-21-lər arasında qitə çempionatının final mərhələsinə yüksəlmək və orada ön sırada qərarlaşmaq lazımdı. Bu üzdən də AÇ-lərin seçmə mərhələsini belə adlamaya bilməyən yığmamızın Olimpiadanı xəyal etməsi belə qeyri-realdı.

 

Qadınlarda isə vəziyyət bizim üçün daha acınacaqlıdı. SSRİ dövründə yüksək liqada 2 komanda ilə təmsil olunsaq da, müstəqillik illərində qadın futbolumuz daim ölüm-qalım savaşı aparıb. Bir neçə il öncə ümumiyyətlə bu yığmanın fəaliyyətinə son verilib ki, hazırda da aşağı yaş qruplarından ibarət millilərin böyüməsini gözləyirik.

 

Bizim üçün yad komanda

Uzun fasilədən sonra Olimpiada proqramına daxil edilən reqbi Azərbaycan idmanı üçün yad sayılır. Xeyli müddətdi varlığına baxmayaraq, nə maraq, nə də populyarlıq qazanan bu idman növündə ciddi uğur da gözlənilmir. Düzdü, yığmanın heyəti əcnəbilər hesabına gücləndirilir. Lakin bu komanda da Olimpiadanı heç xəyalından belə keçirmir. Çünki ölkəmizdə həndbol, futbol və voleyboldan fərqli, bu idman növünün heç ənənəsi də olmayıb.

 

Zamanla bəxti gətirməyənlər

Müstəqillik illərində komanda növlərində nə qədər güclü idmançılarımız yetişsə də, onların çıxış etdiyi kollektivlər böyük vəzifənin öhdəsindən gələ bilmədiyindən həmin atletlər Olimpiadaya həsrət qalıb. Belə qənaətə gəlmək olar ki, böyük istedada malik idmançılarımızın karyerası Sovet dönəminə təsadüf etsəydi, SSRİ yığması ilə Olimpiadada medal da qazana bilərdilər. Belələri sırasında Alla Həsənova, Yelena Şabovta, Natalya Məmmədova, Esmira Əsgərov (Vahabzadə), Gülnarə Nağıbəyova və Zeynəb Nuriyevanı qeyd etmək olar. Bu üzdən onların bəxtləri gətirməyibsə, əvvəlki dövrdə medal qazananlar talelərindən razı ola bilərlər. Çünki İnna Rıskal, Vera Lantratova, İqor Ponomaryov kimi idmançılar müstəqillik dönəmində çətin ki, Azərbaycan yığması ilə Olimpiadaya yollanacaqdılar. 

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir