16:05 29-09-2016
news_image
694
DİGƏR NÖVLƏR

Tokio-2020: Yığmamız 2 lisenziya arzusunda

Azərbaycan Triatlon Federasiyasının (ATF) İcraiyyə Komitəsinin iclası keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yığıncaqda millinin cari mövsümdəki çıxışı, gənclər komandasının inkişafı, triatlonun ölkəmizdə populyarlaşması, həmçinin gələcəklə bağlı məsələlər müzakirə olunub.

 

Tədbirdə çıxış edən ATF prezidenti Azər Məhərrəmov başa çatmaqda olan mövsümü tarixi adlandırıb: “İlk dəfə Olimpiadada təmsil olunduq ki, bununla fəxr edirik. Bu gələcəkdə nəticələrimizin daha da yaxşılaşacağına ümid etməyə əsas verir. Yığmamızın lideri Rostislav Pevtsov Dünya Kubokunun mərhələlərində və Avropa çempionatında medal, həmçinin Rio Olimpiadasına lisenziya qazanıb. Sonra da orada debüt edib. Təbii ki, yeni mövsümə də güvənirik. Lakin təkcə ona deyil, digər idmançılarımıza da ümidlərimiz böyükdü. İdmançılarımızdan Kseniya Levkovskaya Avropa Kubokunda medal əldə edib”.

 

İclasda gənclər yığmasının baş məşqçisi Lev Medvedev perspektivli idmançılarımızın olduğunu vurğulayıb: “Darina Moskalenko bu il yeniyetmələr arasında Avropa Kubokunu qazanıb. O inkişaf etməkdə davam edir. Darina üçün yeniyetmələrdə son mövsüm idi. Yeni ildən gənclər arasında çıxış edəcək. O, 23 yaşadək triatlonçular arasında Avropa çempionatına qatılmalıdı”.

 

Yığıncaqda Tokio-2020-nin perspektivləri də müzakirə olunub. İclas iştirakçıları Yaponiyada 1 deyil, 2 idmançı ilə təmsil olunacağımıza inam ifadə ediblər. Lisenziyalardan birinə Moskalenkonun namizəd olduğu vurğulanıb.