09:28 03-10-2016
news_image
413
TOP OYUNLARI

“Telekom” Serbiyaya ikinci kimi yollandı

Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Boğaziçi” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Bakının “Telekom” klubu yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib.

 

Belə ki, A qrupunda ilk turda “Sarıyer Bələdiyyəsi”nə 3:1 hesabı ilə qalib gələn Zoran Qayiçin yetirmələri ardınca “Beşiktaş”ı set vermədən məğlub edib – 3:0 (25:19, 25:16, 26:24).

 

Nəticədə yarımfinala qrup birincisi kimi yüksələn “Telekom” final üçün “Çanakkale Bələdiyyəsi” ilə üz-üzə gəlib. Çempionlar Liqasında oynayacaq komandamız yenə də “quru hesabla”  qalib gəlib – 3:0 (25:17, 25:18, 25:19).

 

Lakin “Telekom” qələbə seriyasını finalda davam etdirə bilməyib. Gənc və perspektivli voleybolçulardan qurulan Super Liqanın gümüş medalçısı 50 yaşını qeyd edən “Əczaçıbaşı”na uduzub – 0:3 (15:25; 16:25; 20:25).

 

Beləliklə, yarışı ikinci yerdə bitirən bakılılar Serbiyaya yollanıb. Komandamız burda “Vizura” ilə birgə təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda gücünü yoxlayacaq.