10:21 06-10-2016
news_image
2386
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın baş məşqçisi qalmaqalla üzləşdi

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofilyada ittiham olunur. Apasport.az saytının məlumatına görə, 3 ildi davam edən istintaqın təfərrüatı üzə çıxıb. 

 

Vyana prokurorluğundan mətbuata sızan məlumata əsasən, avstriyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. 56 yaşlı mütəxəssisin qurbanlarından birinin şikayəti ilə başlayan istintaqda Zayzanbaher 2 qızı zorlamaqda günahlandırılır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Vyana idman klublarının birində çalışdığı vaxt bu cinayəti törədib. Prokurorluğun araşdırmasına görə qurbanlarından biri 3 il ərzində qəddarcasına  münasibətlə üzləşib.

 

Zayzanbaher daha bir – üçüncü qızı zorlamağa cəhddə də şübhəli bilinir.

 

Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, onun müştərisi irəli sürülən ittihamlardan xəbərdardı. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır.

 

Qeyd edək ki, idmançı karyerasında 86 kq çəki dərəcəsində çıxış edən Zayzanbaher Los-Anceles-1984 və Seul-1988-də qızıl medala yiyələnib. Cüdo tarixinə ilk ikiqat Olimpiya çempionu olan mütəxəssis 2010-2012-ci illərdə Gürcüstan millisinin baş məşqçisi olub. 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edən Peter 2015-ci ildə yenidən bu posta qayıdıb.

 

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Elnur Əşrəfoğlu bildirib ki, hazırda istintaq gedir: “Peter Zayzenbaher biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu etiraf edir. Bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaher ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək".

 

Qurum rəsmisinin sözlərinə görə, federasiya avstriyalı baş məşqçini sırf cüdo mütəxəssisi olduğu üçün bu posta təyin edib və onunla Rio olimpiadasının sonunadək şərti anlaşıblar: “Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”.