15:19 03-11-2016
news_image
3201
TOP OYUNLARI

7 min manatlıq qalmaqal: Təlimatçı Pərviz kimdi?

Tarixin yaddaşına qovuşan “Lokomotiv” voleybol klubunun şikayətinin ünvanı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, 2015/2016 mövsümünün əmək haqqını ala bilməyən “dəmiryolçular” bu dəfə Faiq Qarayevə müraciət ediblər.

 

Daha doğrusu, Azərbaycan Voleybol Federasiyasında prezident dəyişikliyindən sonra şikayətçilərə tapşırılıb ki, müraciətlərini Qarayevə etsinlər. Nəticədə əlacsız qalan komanda üzvləri yeni məktub yazaraq, qurumun I vitse-prezidenti Qarayevə göndəriblər. Sabiq “lokomotiv”çilər vitse-prezidentdən klubun borcunu ödəməkdə yardımçı olmasını istəyiblər.

 

Lakin klub prezidenti Elnar Əsgərovu tapa bilməyən, onun atası, nəqliyyat nazirinin müavini Arif Əsgərova göndərdikləri məktuba cavab ala bilməyən mütəxəssislər xoş “sürpriz”lə də qarşılaşıblar.

 

Belə ki, 7 ay maaş ala bilməyən, “Lokomotiv”in uğurlu çıxışında xüsusi pay sahibi olan, məşqçi kimi orda işləmiş Xanlar Ələkbərovun adı siyahıdan çıxarılıb. Onun alacağı 7 min manat isə heç kimin tanımadığı Pərviz Ağayevin adına yazılıb.

 

Beləliklə, “Lokomotiv”dən pullarını tələb edən şəxslərin sayı yenə 6 olub. Dağılmış klubun əvəzinə isə federasiya onlara 33 min 950 manat ödəməlidi.

 

Qeyd edək ki, federasiya sanksiyadan ehtiyat edərək,  əcnəbi voleybolçuların borclarını ödəyir.