09:59 04-11-2016
news_image
987
DİGƏR NÖVLƏR

“Nəticəm pis olmadı” – azərbaycanlı pilot

İspaniyanın Xeres trekində beynəlxalq “EuroFormula Open” çempionatının VII mərhələsi keçirilib. Bakı Şəhər Həlqəsindən apasport.az saytına verilən məlumata görə, çempionatda ölkəmizi gənc pilot Gülhüseyn Abdullayev təmsil edib.

 

“Campos Racing”in çıxış edən həmyerlimiz ilk yarışda 16-cı, növbəti mübarizədə 14-cü yeri tutub. 

 

Abdullayev çıxışı ilə bağlı bildirib ki, mövsümöncəsi testlərdə komandası ilə bu trasda işlədiyindən trasa daha yaxşı bələddi: “Əvvəlki treklərlə müqayisədə buranı daha yaxşı tanıyırdım. Məşqlər zamanı yaxşı nəticələr göstərdim. Təəssüf ki, hər iki yarışın sıralanma turlarında müəyyən problemlərimiz oldu, ona görə də yaxşı nəticə göstərə bilmədim və sonuncu oldum. Buna baxmayaraq, hər iki yarışda öndəki sürücülərlə mübarizə apara bildim, ötmələr etdim və ilk yarışı 16-cı, ikinci yarışı isə 14-cü yerdə başa vura bildim. Xeres trekində ötmək çox çətindi, adətən, sıralanma turlarında tutduğunuz yerdə də yarışı bitirirsiniz. Ona görə də sıralanma turu böyük əhəmiyyət kəsb edir. Sıralanmada yaxşı yeri tutmasam da, yarışdakı nəticəm pis olmadı”.  

 

Gənc pilot komandasının ona münasibətindən də danışıb: “Komanda nəticələrimə normal yanaşdı. Nə razı qaldılar, nə də narazılıq bildirdilər. Düzdü, sıralanma turlarındakı nəticələrimdən razı deyildilər, amma yarış zamanı göstərdiyim nəticələr onları qane etdi. Xüsusən də yarışın gedişində bir dövrədə liderlə fərqimiz sıralanma turundan olduğundan çox az fərqləndiyi üçün komanda məndən razı qaldı”. 

 

Yarışdan dərhal sonra Abdullayev Valensiyada yerləşən bazaya yollanıb, oradan isə “Campos Racing” komandası ilə noyabr 5-6-da keçiriləcək çempionatın sonuncu mərhələsi üçün Barselonaya yollanacaq. Kataloniya treki də, Xeres treki kimi Gülhüseynə tanışdı. Gənc pilotun sözlərinə görə, sonuncu yarışda əsas məqsəd xal qazanmaq olacaq. 

 

Qeyd edək ki, Abdullayev Baku Şəhər Həlqəsının dəstəyi ilə beynəlxalq “EuroFormula Open” çempionatında iştirak edən ilk azərbaycanlı pilotdu. Həmçinin 2016-cı il Bakıda keçirilmiş “Formula-1” Qran-pri yarışının rəsmi səfiri olub.