17:42 08-11-2016
news_image
730
TOP OYUNLARI

Voleybol Federasiyası klublarımızın Rusiya Superliqasında oynamasına münasibət bildirdi

“Azərbaycan klublarının Rusiya Superliqasında iştirak etməsi məsələsi bir neçə il bundan öncə qeyri-rəsmi danışıqlardan ibarət olub. Həmin vaxt isə ölkəmizdə Avropada səs salmış güclü çempionatımız var idi. Burada mübarizə aparan klublardan 5-i isə  avrokuboklarda iştirak edirdi”. Bu mövqeyi apasport.az saytının sorğusuna cavab olaraq Azərbaycan Voleybol Federasiyası açıqlayıb.

 

Ümumrusiya Voleybol Federasiyasının qadın voleybolu üzrə kuratoru Vladislav Fadeyev keçmiş SSRİ ölkələrinin, xüsusilə də Azərbaycanın güclü klublarının Rusiya Superliqasına cəlb edilməsində maraqlı olduqlarını açıqlayıb. O bildirib ki, Azərbaycan tərəfi bundan imtina edib.

 

Azərbaycan Voleybol Federasiyası isə tam fərqli mövqedədi. Qurumdan saytımıza bildirilib ki, federasiya klublarımızın beynəlxalq turnirlərdə iştirakının tərəfdarıdı, lakin bu çempionat yox, turnir xarakteri daşısın: “Bəli, belə yarışın keçirilməsi bizim üçün də maraqlıdı. Sadəcə, bunun turnir formasında keçirilməsi daha yaxşı olardı. Çünki bu mövsüm “Azərreyl” və “Telekom” komandaları Çempionlar Liqasında iştirak edirlər. Qarşıda isə milli komandamızı İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə mərhələsi və Avropa çempionatının final mərhələsinin oyunları gözləyir. Bu gün Azərbaycan Voleybol Federasiyası yığmalarımızın bu yarışlara yüksək səviyyədə hazırlaşması üçün çalışır və bütün proqramlarını buna görə hazırlayır. Bir daha qeyd edək ki, bu cür yarışın keçirilməsi turnir formatlı olarsa, komandalarımızın iştirak etməsi haqqında fikirləşmək olar. Onu da qeyd edək ki, turnirdə klub komandalarımız iştirak etdiyinə görə buna qərarı komandaların rəhbərləri verirlər”.