14:46 15-11-2016
news_image
3587
TOP OYUNLARI

Fiaskoya "uğur" deyənlər...

Bəlkə də qaldırılan hər hansı problemə Azərbaycan Basketbol Federasiyası (ABF) kimi yanaşan olsaydı, bu gün ölkəmizdə bütün növlər “Bolt sürəti” ilə həll olunardı. Bəli, bunu tam məsuliyyətlə deyirik.

 

Varlığı ilə yoxluğu bilinməyən, həftənin şənbə günləri bir araya gəlib, məktəb uşaqları arasında yarış keçirib, adını Azərbaycan çempionatı qoyan qurum bunu bir daha sübuta yetirdi. Bir müddət öncə apasport.az saytında dərc olunan “Səbət altındakı bəhanə, yaxud epidemiyalı baş məşqçi” yazısından sonra federasiyada “islahatlar” aparan ABF bu gün Milli Olimpiya Komitəsində keçirdiyi mətbuat konfransında işlərinin “bəhrəsini” ortaya qoydu. Özü də atalar demişkən, bəhrə verdikcə, başlarını aşağı salanlardandılar. Çünki 2016-cı ilə federasiya rəhbərliyi deyil, məhz baş məşqçi Samit Nuruzadə yekun vururdu. Amma onun nə danışacağını da əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Yəni “heç kim öz ayranına turş deməz” prinsipi ilə danışırdı. Onu baş məşqçi gətirənləri tərifləməli, o isə yeni gənc nəslin yetişdiyini vurğulamalı idi. Mətbuat konfransında da hər şey bu ssenari ilə getdi.

 

Lakin sonda idman mətbuatı sırasında “apasport”a xüsusi təşəkkür də “edildi”. Bu, əslində başda oturan Nuruzadənin yadından da çıxmışdı. Həmin Nuruzadə ki, Azərbaycandan kənarda işləyəndə onu məhz saytımız tapmışdı. Nə səbəbdən burdan getməsi, federasiya ilə aralarında nə baş verdiyi ilə işim yoxdu...

 

...Hə, orda qaldım ki, yadından çıxmışdı. Amma həmkarlarımızdan birinin kənardan ona “Gürcüstan səfəri”ni xatırlatması ilə federasiyanın KİV nümayəndələrini bir yerə toplamasının əsil səbəbi ortaya çıxdı. Sən demə, ABF bizim “Azərbaycan yığmasından biabırçı məğlubiyyətlər” yazımızdan çox təsirlənibmiş. Guya, biz duz yazmamışıq. Yazmalıydıq ki, həmin yarışdan, hesablardan xəbərimiz yoxdu. Necə ki, bunu federasiyanın saytı etdi və Samit bəy də bir daha xatırlatdı. Biabırçı nəticələrlə bağlı söhbətə kimi yalnız uğurlardan danışan çalışdırıcı da sonda apardığı müqayisə ilə bütün danışdıqlarını təkzib etdi. İddia etdi ki, yığmamız hələ “uşaqdı”, Gürcüstandakı yarışda isə tələbələr idi. Hətta yaşlarının 18-dən çox olduğunu deməyi də unutmadı. Biz də təşəkkür edirik bunun üçün. Bilirik ki, gəldiyiniz gündəki ilə eyni sözləri bu gün də dediz və komandamızın hansısa rəqibə qarşı oynaması üçün 5 il gözləməliyik. Eybi yox, 9 ay bitsə də, illər, aylar azalmayıb. Gələn il də yenə 5 il deyərsiz. Çünki ölkədə olmayan idman növünün inkişafı mümkün deyil. Necə ki, bu gün federasiya adından sizə söz verildiyi kimi...

 

Amma siz vaxtınızı yeniyetmə basketbolçuların inkişafına yönəltsəz, daha yaxşı olar. Çünki ilin yekunlarına, yığmanın bazasının olmamasına, regionlarda basketbol sözünün belə yaddan çıxmasına sizi ora baş məşqçi təyin edənlər cavabdehdi. Necə ki, bu gün onların heç də hamısı mətbuat qarşısına çıxmadılar, sizi “qurban” verdilər...

 

...siz öz yolunuzla getsəz, yaxşıdı!