13:59 20-11-2016
news_image

Millimiz mundialda daha bir medal qazandı

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kanadanın Burnabi şəhərində təşkil edilən yarışda komandamızın daha bir üzvü aktivinə medal əlavə etməyi bacarıb.

 

102 ölkədən 846 gənc taekvondoçunun qatıldığı dünya birinciliyində 14 idmançı ilə ölkəmizi təmsil edən baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən, 68 kq çəki dərəcəsində mübarizəyə qatılan Əliəsgər Əliyev Gabriel Nascimento da Silva (8:6), Grigoriospanagiotis Kasidiaris (3:1), Vesley Maranı (12:0) yolundan kənarlaşdıraraq yarmfinala adlayıb. Həlledici döyüşə vəsiqə uğrunda rəqib isə keçilməz olub. Konstantin Kosteneviçlə qarşılaşan təmsilçimiz adını finala yazdıra bilməyib. Bu isə millimiz üçün növbəti bürünc medal olub.

 

Xatırladaq ki, 4 gün davam edən yarışı gənc millimiz ümumilikdə 1 gümüş, 2 bürünc medalla başa vurub. Belə ki, mundialın ilk və ikinci günləri komandanın digər üzvlərindən Qaşım Maqomedov (55 kq) gümüş medal, Ayaz Qəmbərli (45 kq) isə bürünc medala layiq görülmüşdülər.

 

Millimiz 21 noyabr tarixində vətənə dönəcək.