11:40 23-11-2016
news_image
1672
TOP OYUNLARI

Avropa çempionatı: Gürcüstan müqavilə bağladı, qaldı Azərbaycan

Gürcüstan Voleybol Federasiyası (GFV) Avropa Voleybol Konfederasiyası (CEV) ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, anlaşma 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının keçirilməsi ilə bağlıdı.

 

Tiflisdə baş tutan mərasimdə GFV-nin prezidenti İrakli Çaçua, Gürcüstanın idman və gənclər naziri Tariel Xeçikaşvili, Tiflisin meri David Narmania, CEV-in rəhbəri Aleksandar Boriçiç, vitse-prezidentlər Özkan Mutlugil və Maris Pekalis iştirak ediblər. Yekunda sənədi GFV və CEV prezidentləri anlaşmanı rəsmiləşdiriblər.

 

Yarışa isə Gürcüstanla birgə ölkəmiz də ev sahibliyi edəcəyindən qurum bu gün qaydalara əsasən Azərbaycanla da razılığı rəsmiləşdirəcək. Artıq Tiflisdə iştirak edən rəsmilər Bakıya gəliblər. Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün həm CEV-lə, həm də GFV ilə müqavilə bağlayacaq. İmzanı AVF-nin yeni prezidenti Cavid Hüseynov atacaq.

 

Sabah saat 18:00-da isə Heydər Əliyev Mərkəzində Avro-2017-nin püşkü atılacaq. Tədbirdə bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi yarış sentyabrın 20-də start götürəcək. 12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək.

 

Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

 

Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.