14:53 24-11-2016
news_image
733
DİGƏR NÖVLƏR

“Həm Avropa, həm də dünya çempionatı təşkil edə bilərik" - Elçin Zeynalov

"Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi Bakıda keçirilir. Bu, bizim ölkə, federasiyamız üçün böyük şərəfdi". Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov deyib.

 

Beynəlxalq Kanoe Federasiyasının (İCF) Bakıda keçirilən XXXVI Konqresindən danışan E.Zeynalov bu iclasın AMAF-ın yubiley ili ilə üst-üstə düşdüyünü bildirib: "Federasiya 2006-cı ildə təsis olunub. Bu il 10 illiyi qeyd edirik. Bu Konqres də həmin 10 illiklə üst-üstə düşür. Konqresdə 87 ölkənin nümayəndəsi iştirak edir. 200-dən artıq nümayəndə var. Bu da çox əhəmiyyətli tədbirdi. Bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah İCF-in yeni prezidenti də seçiləcək".

 

AMAF prezidenti Azərbaycanın gələcəkdə İCF-in İcraiyyə Komitəsində təmsil oluna biləcəyini söyləyib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə təmsil olunur. Azərbaycan da bu qitəyə aiddi. Gələcəkdə Azərbaycana İcraiyyə Komitəsində üzvlük təklifləri ola və ölkəmiz də təmsil oluna bilər. Amma hazırda bu gözlənilmir".

 

E.Zeynalovun sözlərinə görə, qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər: "Keçən il "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe də təmsil olundu və bu növlər üzrə yarış Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdı. Üstəlik, bu kanal Bakıda qurulmalıdı. Ölkəmizə çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili lazımdı. Belə səbəblərdən, mənə elə gəlir ki, bu cür çempionatlar Bakıda keçirilməlidi. Bununla bağlı müəyyən işlər görülür. Çox şübhəsiz, Bakıda kanal yaradılsa, biz həm Avropa, həm də dünya çempionatı təşkil edə bilərik".

 

Qeyd edək ki, "Boulevard Hotel"də bu gün işə başlayan İCF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.