11:45 26-11-2016
news_image
3608
DİGƏR NÖVLƏR

“Formula-1”: Hamilton, Hamilton

“Formula-1” üzrə mövsümün son yarışına start verilib. Apasport.az saytının Əbu-Dabiyə ezam olunmuş əməkdaşının məlumatına görə, ilin XXI yürüşündə 11 komandanın 22 pilotu iştirak edir.

 

Pilotlar artıq ilk 2 sərbəst çıxışlarını başa vurublar. I sərbəst yürüşdə ən yaxşı göstəricini “Mercedes”in pilotu Luis Hamilton əldə edib. 31 yaşlı idmançı 1:42,096 dəqiqə ilə digərlərindən fərqlənib. Onu 1:43.243 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyib. Siyahının üçüncü pilləsində isə 1:43,297 dəqiqə ilə “Red Bull Racing”in pilotu Maks Ferstappen qərarlaşıb.

 

Onun komanda yoldaşı Daniel Rikkiardo 4-cü (1:43.362), "Scuderia Ferrari"nin pilotu Sebastyan Fettel isə 1:44.005 dəqiqəlik göstərici ilə 5-cidi.

 

Yas Marina Həlqəsində baş tutan ikinci məşq də eyni ssenari ilə davam edib. Yenə Hamilton bütün rəqiblərindən yaxşı nəticə göstərib – 1:40,861 dəqiqə. Onun I sərbəst yürüşdəki kimi Rosberq izləyib. O, bu dəfə komanda yoldaşından 0,079 dəqiqə geri qalıb. İlk “üçlük”də dəyişiklik olub. Fettel (+0,269) Ferstappeni (+0,528) qabaqlayıb. Rikkiardo (+0,529) isə 5-ci yeri qoruyub.

 

Bununla yanaşı, “Formula-1”ə dəstək üçün keçirilən GP2 və GP3 seriyaları üzrə sərbəst və sıralama yarışı da arxada qalıb. Səviyyəsinə görə yalnız əsas yürüşdən geri qalan GP2-də təsnifat mərhələsində Pyer Qasli ("Prema Racing") ən yaxşı göstəriciyə imza atıb. O, 1:47,476 dəqiqəlik nəticə göstərib. Növbəti 2 ən yaxşı nəticəni Sergey Sirotkinlə (ART, 1:47,804) Artyom Markelov ("Russian Time", 1:47,901) göstərib.

 

Günə “The Chemical Brothers”in konserti ilə yekun vurulub.

 

Yarışda bu gün isə GP3 və GP2 seriyasının birinci yarışı, “Formula-1”in sərbəst yürüşü, həmçinin sıralama yarışı olacaq.

 

 

Qeyd edək ki, Əbu-Dabidə keçirilən yarışda sabah dünya çempionun adına aydınlıq gələcək.