02:22 28-11-2016
news_image
2702
DİGƏR NÖVLƏR

“Bakı treki artıq klassikadı” - Aleksey Popov

“Match TV”nin “Formula-1” üzrə şərhçisi Aleksey Popovun apasport.az saytının Əbu-Dabiyə ezam olunmuş əməkdaşına müsahibəsi.

 

- Azərbaycanın da ev sahibliyi etdiyi “Formula-1” ölkə sayında rekord müəyyənləşdirdi. Mövsümünü necə dəyərləndirərdiz?

- Bu, “Formula-1”də mənim 25-ci mövsümümdü. Mənim üçün 2016-cı ilin fərqi ondan ibarətdi ki, arxada qalan illərdə bu qədər müsahibə ilə canlı yayıma qoşulmamışdım. Bu, yenilikdi. Digər yenilik isə 21 mərhələnin ilk dəfə keçirilməsidi. Lakin bu rekordun yaxın zamanda artırılması gündəm mövzusu deyil. Fikrimcə, “Formula-1”ə Azərbaycanın qoşulması çox xoşdu. Sizin təşkilatçılara da bunu qeyd etmişəm ki, mənim üçün Avropa Qran- Prisi Soçi qədər doğmadı. Millətləri bölmürəm, mənim üçün ikisi də eynidi. Biz bir mədəniyyətik, bir sivilizasiyayıq. İlk dəfə Bakıya gələndə elə hiss edirdim ki, sanki Soçi yarışındayam. Bu, mənim üçün qürurvericidi. Avropa Qran-Prisi zamanı mənə yaxınlaşıb, məni də uğurlu yarış təşkil olunduğu üçün təbrik edirdilər. Bu da mənim üçün çox xoş idi. Artıq bizim iki yürüşümüz var və biz bir-birimizə kömək etməliyik.

 

- Sizcə, Azərbaycan “Formula-1” yarışlarına hansı rəngarəngliyi gətirdi?

- Düşünürəm ki, hər bir yeni yürüş maraqlıdı. Amma hər yürüşün özünəməxsusluğu var. Biz hamımız yaxşı bilirik ki, Hindistan Qran -Prisi necə bitdi. Hindistan çox böyük ölkədi, orada milyonlarla insan yaşayır, eyni zamanda, böyük xərclər hesabına gözəl avtodrom tikildi və hər kəsi cəlb edə bildi. Bununla yanaşı, Cənubi Koreya da dəniz kənarında yeni şəhər saldı, yeni trass qurdu və burada keçirilən yürüşlər də maraqla izləndi. Amma adını çəkdiyim heç bir yarışda yürüş elementindən əlavə fərqli və ya cəlbedici element yox idi. Bu isə vacib məqamdı. Məsələn, yürüşün keçirildiyi şəhər mənzərəsini gözəlliyi mütləqdi. Cənubi Koreyada gözəl trass olsa da, şəhər mənzərəsi yox idi. Bu da yarışa əlavə rəng qata bilmirdi. Amma Bakı trekində belə deyil. Biz Azərbaycana gələrkən gözəl şəhər, qədimilik görürük. Bunlar özəlliyi ilə bizi özünə çəkir və nəticədə həm yarışdan, həm də Bakının gözəlliyindən zövq alırıq.

 

- Bəs gələcəkdə hansı xüsusiyyətlər Bakını digərlərindən daha da fərqləndirə bilər? Sizcə, bunun üçün Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkəti hansı addımları atmalıdı?

- Mən Bakı yürüşünə nə əlavə ediləcəyini deyə bilmərəm. Çünki, Bakı da Soçi kimi küçə trasıdı. Belə traslarda hər şeyi ən azı 4 il olduğu kimi saxlamaq lazımdı. Trasda daimi dəyişiklik edilərsə, bu, uğur gətirməyəcək. Mən şəxsən heç nəyi dəyişmərəm. Hələ ki Bakı trasında hər şey əladı.

 

- Ümumiyyətlə, yeniliyə münasibətiniz necədi?

- Şəhər traslarının yaşı çox deyil. Onlar son zamanlar yaranıblar. 15 il öncə Monakodan başqa heç bir şəhər trası yox idi. Hətta buna görə bir dəfə bir həmyerlimin xətrinə dəymişəm. Bir nəfər mənə yazaraq qeyd etmişdi ki, Sibirdə yarış trekinin xəritəsini çəkib. Mən isə cavabında ona qeyd etdim ki, bu, mümkün deyil. Monakodan başqa, heç bir şəhərdə “Formula-1” keçirmək mümkün deyil. Amma sonradan Sinqapur, Valensiya, Bakı trekləri yarandı. Valensiya gözəl şəhərlərdən geri qalmır. Amma treki adama həzz yaşatmır. Mən ora gedəndə şəhərin gözəlliyini sevirəm. Halbuki, çoxları qeyd edir ki, bu, yeni klassikadı. Mən isə belə düşünmürəm. Bəziləri Abu-Dabiyə də yeni klassika deyir. Mən bu şəhəri gözəl saymıram. Trasın bəzi mənfi xüsusiyyətləri olsa da, trek çox maraqlıdı. Bakı trası isə ilk dəfədən hamıda maraq oyatdı. Məncə, Valensiya, Sinqapur və Bakı trekləri artıq klassikadı.

 

- Bəs necə etmək olar ki, turistlər və azarkeşlər Əbu-Dabidəki kimi Bakıya da axın etsinlər?

- Öncəliklə Bakıda yaşayan insanları yarışlara cəlb etmək lazımdı. Bu, mütləqdi. İkincisi isə MDB ölkələrinin insanlarında bu yarışlara maraq oyatmaq lazımdı. Daha sonrakı illərdə Avropa və Amerikadan turistlərin cəlb edilməsini hədəfləmək olar.