13:42 29-11-2016
news_image
2332
DİGƏR NÖVLƏR

"Əyləncə axtaranları Bakıya dəvət edirik" - Nigar Arpadarai

Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin apasport.az saytına müsahibəsi

 

- “Formula-1” yarışlarında 2016-cı mövsümü Niko Rosberqin çempionluğu ilə başa çatdı. İli necə qiymətləndirərdiniz?

- Fikrimcə, maraqlı mövsüm alındı. Hər halda, bizim Avropa Qran-prisi də yeni tarix idi. Bu da yarışa öz töhfəsini verdi. Bəli, məncə çempionun ya Luis Hamilton, ya da Niko Rosberq olması gözlənilən idi. Mən şəxsən Rosberqin qələbəsini istəyirdim. Elə də oldu. Bu səbəbdən də deyərdim ki, sürprizlər baş vermədi. Kifayət qədər maraqlı mövsüm alındı.

 

- Amma əvvəlki mövsümlərlə müqayisədə bu dəfə mükafatçıların adları öncədən bəlli idi. Məsələn, ilk 2 yerdə Niko Rosberq və ya Luis Hamiltonun qərarlaşacağı, üçüncü pilləni Daniel Rikkardonun tutacağı Əbu-Dabidə keçirilən son mərhələdən öncə də bəlli idi. Yaxud konstruktorlar yarışında “Mercedes”in çempion olacağı da dəqiqləşmişdi. Sizcə, bu, yarışı maraqsız etmirmi?

- Yarışı daha maraqlı etmək barədə ətraflı söhbətlər, müzakirələr çox gedir. Bu, pilotlardan başqa, bolidlərin, konstruktorların da yarışıdı. Məsələn, çoxları Fernando Alonsonun avtomobili sarıdan bəxtinin gətirmədiyini deyir. Yəni başqa bolid olsaydı, nəticəsi də başqa olardı. Amma son zamanlar “Mercedes” liderliyi saxlayır ki, bu mövsüm də onu qorudu.

 

- Əbu-Dabidə bir sıra işgüzar görüşlərinizin olduğuna şahidlik etdik. Maraqlıdı, digər treklərin rəhbərliyi Bakı Şəhər Həlqəsi haqda hansı fikirdədi? Yaxud bu ilə yarışa ilə dəfə ev sahibliyi edən Azərbaycan “Formula-1”ə hansı rəngarəngliyi gətirdi?

- Bəli, Əbu-Dabidə çox maraqlı görüşlərimiz oldu. Hər şeydən öncə beynəlxalq mətbuatla görüşdük. Ərəb, Avropa, o cümlədən Almaniyadan olan kütləvi informasiya vasitələri ilə ayrı-ayrı dəyirmi masalarımız oldu. “Sky Sports”a canlı yayımda çıxdıq, orda qarşıdakı planlarımız barədə danışdıq. Düşünürük ki, bu, həm ölkəmizin, həm də yarışımızın təbliğatı ilə bağlı önəmli bir mərhələ oldu. Çünki Əbu-Dabidə ilin son yarışı olduğu üçün medianın da diqqəti çox idi. Bu səbəbdən də biz də çalışdıq ki, öz Qran-primizi də burda təbliğ edə bilək. Bundan başqa, bizlə işləyən bütün insanlarla, FİA-nın rəhbərliyi ilə görüşdük. Əslində, çox xoşbəxtik. Çünki bir çoxlarının Bakı haqda səsləndirdiyi fikirlər çox maraqlıdı. Vurğuladılar ki, bizi yaxşı mənada çox təəccübləndirdiz, nəyi gözlədiyimizi deyil, hazırlaşdığınızı bilirdik. Ancaq çox mükəmməl, çox gözəl idi. Bakını da çox bəyəniblər. Hesab edirik ki, bizim trek ona görə maraqlıdı ki, orda səhvlərə yol verilmir. Yəni hansısa səhv pilot üçün titulunu itirməklə nəticələnə bilər. Görüşlərimizdə gələn il daha çox əcnəbinin Bakıdakı yarışı gözlədiyi də vurğulandı.

 

- “Formula-1” ailəsi üçün mövsüm bitsə də, mərhələnin təşkilatçıları, o cümlədən sizin üçün yeni il başlayır. Bakı Şəhər Həlqəsinin planları necədi? Hansı ki, ötən il bunu etmək istəmisiz, alınmayıb...

- Biz dekabrın 1-dən bilet satışına start veririk. Bu, bizim üçün çox önəmlidi. Çünki endirimli kompaniyaya başlayırıq. Bu kompaniya çərçivəsində xariciləri hədəf seçmişik. Buna səbəb onların daha öncədən özlərinə plan qurmasıdı. Bundan başqa, təşkilatı məsələlərimiz var. Əbu-Dabi Qran-prisi zamanı bizim marşallar da ordaydı, işləyirdilər. Ordan öncə Bəhreyndə idilər. Onlar indi çox ciddi sürətlə məşqlər etmir, artıq çalışırlar. Bu da bizim üçün əhəmiyyətlidi. Bəli, ötən mövsüm üçün işlərimiz çox idi. Amma bu gün qarşımızda yeni-yeni məsələlər durur. Məsələn, hamı söyləyir ki, ilk Qran-pri bütün dünya mətbuatının gözü qarşısında olur. Onların özünün marağı yaranır. Bu səbəbdən də ikinci Qran-pri bir qədər maraqlı olmaya bilər. Buna görə də özümüz elə bir layihələr etməliyik ki, onların marağı daima üzərimizdə olsun.

 

- Bəs onda hansı yenilikləri planlaşdırırsız?

- Trasın konfiqurasiyası dəyişməyəcək. Amma əyləncə proqramımız başqa olacaq. Dənizkənarı Parkda F1 şəhərciyimiz eyni qaydada qalacaq. Lakin yeni-yeni maraqlı proqram olacaq. Konsertlər tamamilə fərqlənəcək. Lakin biz öncədən də qeyd etmişdik ki, biz Azərbaycana, Bakıya tək “Formula-1”isevərləri deyil, əyləncə axtarışında olanları da dəvət edirik. Ona görə də Əbu-Dabidə Rihannanın konsertində yaşanan möhtəşəm ab-hava bizdə də olacaq. Yenə də xarici ulduzları ölkəmizə dəvət edəcəyik.

 

- Azərbaycan ötən il “Formula-1”də debüt etdi. Bakının da ev sahibliyi etməsi ilə ölkə sayında rekord vuruldu. Amma 1 il əvvəllə müqayisədə təcrübənizi artırmısız. Maraqlıdı, digər şəhərlərin hansı proqramını biz tətbiq etsək, daha gözəl alınar?

- Biz ötən il də bu il də Qran-prilərə səfər edirdik ki, onların təcrübələrini öyrənək. Artıq təşkilatçılıq baxımından xüsusi bir təcrübəmiz var. Düşünürəm ki, onu çox uğurla həyata keçirdik. Şəhərin mərkəzində trekin qurulması və yarışın təşkil edilməsi baxımından. Fikrimcə, bizdə qarşımızda duran əsas məsələ “Formula-1”i Azərbaycan əhalisinə tanıtmaq, sevdirməkdi. Elə etmək istəyirik ki, insanlar məhz əyləncəyə görə deyil, yarışa görə bilet alıb gəlsinlər. Meksikadakı mərhələdən sonra mən çox təsirlənmişdim. Orda demək olar ki, hansısa əyləncə yox idi. Bunun üçün çox kiçik zona qurmuşdular. Lakin Meksikada 135 min nəfər tribunalarda əyləşmişdi. Onlara heç nə lazım deyildi. Çünki “Formula-1”i sevirdilər. Bəli, özlərinin pilotlar da var. Bunu da başa düşürəm. Amma orda bu ənənə onlarda var, mərhələni 60-cı illərdən keçirirlər. Əsas məsələ qaydaları, pilotları, “Formula-1”i insanlara daha yaxın etməkdi.