14:12 30-11-2016
news_image
773
TOP OYUNLARI

Zoran Qayiçin Azərbaycanda işləməsinə qarşı çıxdılar - FOTO

“Zoran Qayiçlə qəhvə süfrəsində əyləşib, söhbət etdik. Özünə də dedim ki, federasiyaya rəhbərlik etməsi düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya Voleybol Federasiyasına (SVF) prezident seçkilərində Zoran Qayiçə uduzan Vladimir Qrbiç deyib.

 

“Telekom”u çalışdıran Qayiç SVF-ə rəhbər seçildikdən sonra vətənində ciddi tənqidlərə məruz qalıb. Bir çoxları Bakı klubu ilə 2 illik müqaviləsi olan Olimpiya çempionunun Azərbaycanda çalışmasından narazıdı.

 

Onun seçkilərdəki rəqiblərindən olan Qrbiç bildirib ki, Qayiç vətəninə dönərək, orda işləməlidi: “Mən voleybol adamıyam və uzun illərdi bu sahədə çalışıram. Kiminsə Azərbaycanda işləyə-işləyə federasiyaya prezidentlik etməsi mümkün deyil. O, “Telekom”un baş məşqçisi ola-ola yığmamızı çalışdıra bilərdi. Amma federasiyaya belə rəhbərlik etmək olmaz”.

 

Qrbiç bəzi məsələlərə mart-aprel ayında son qoyulacağını da vurğulayıb. Həmin vaxt Azərbaycan Super Liqasının da başa çatacağını nəzərə alsaq, serbiyalı mütəxəssisin həmin vaxt ölkəmizdə ayrılacağını gözləmək olar.

 

Qrbiç artıq ölkəsinin voleybolu üçün çalışmayacağını da sözlərinə əlavə edib: “Ölkə voleybolunda mənim etdiklərim göz qabağındadı. Bundan sonra necə olacağını zaman göstərəcək. Mən isə artıq Serbiya voleybolu ilə qurtardım”.

 

Qeyd edək ki, federasiyaya prezident seçkilərində 48 nəfərdən 26-sı Qayiçin, 16-sı Qrbiçin lehinə səs verib. 4 nəfər isə bitərəf qalıb.