11:41 01-12-2016
news_image
1557
TOP OYUNLARI

Azərbaycan Həndbol Federasiyasının prezidenti dəyişdi

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilati məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, yığıncaqda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

 

Öncə Azərbaycanda idmanın inkişafından danışan Hüseynzadə bildirib ki, sabiq SSRİ dövründə böyük uğurları olan həndbol bu yüksəlişdən geri qalıb: “Bu səbəbdən də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsi ilə bağlı qərar verib”.

 

Ardınca vurğulanıb ki, federasiya prezidenti Heydər Babayev öz ərizəsi ilə vəzifəsindən istefa verib və bu səbəbdən də quruma yeni rəhbər seçiləcək. Çıxışdan sonra səsvermə keçirilib. Yeganə namizəd olan “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov Həndbol Federasiyasının prezidenti seçilib.

 

S.Məmmədov yeni postunda hədəflərini də açıqlayıb. “Azəryol” voleybol klubunun rəhbəri olmuş Məmmədov idmana gənclikdən böyük həvəs göstərdiyini deyib: “Sevinirəm ki, “Azəryol” voleybol klubunun rəhbəri olduğum illərdə onların uğurlarında payım var. Özüm sovet dövründə I dərəcəli futbolçu olmuşam. Əsas məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdı. Cənab prezident İlham Əliyevə mənə göstərdiyi etimada üçün bir daha təşəkkür edirəm”.

 

A.Rəhimov da İlham Əliyevin MOK prezidenti seçildiyi dönəmdən sonra idmanda olan inkişafdan danışıb. Nazir bildirib ki, komanda idman növlərindən futbol və voleybolda uğurlar əldə edilir: “Mən özüm həndbol üzrə milli komandanın üzvü olmuşam. O dövrdə böyük maraq olub. Biz idman qurğularının yüksək səviyyədə olduğu, prezidentin dəstək verdiyi halda niyə həndbolu inkişaf etdirməyək? İdman çox böyük strategiya əsasında işlənilib. Etiraf edək ki, 1 komanda ilə bu idman növünü inkişaf etdirə bilmərik”.

 

Rəhimov yerli çempionatın keçirilməsinin, məşqçilərinin təlimlərə getməsinin önəmini də vurğulayıb. Saleh Məmmədovun daim voleybolçuların yanında olduğunu bildirən nazir deyib ki, o, həndbolu sıfır vəziyyətindən qaldırmağa hazırdı.