12:26 06-12-2016
news_image

Azərbaycan millisində dəyişiklik – dünya çempionu yenidən komandada

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmiz Bakıda keçiriləcək Qran-pri yarışlarının final mərhələsinə 3 idmançı ilə qatılmağa qərar verib.

 

Belə ki, həlledici döyüşlərdə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək. Halbuki bir gün öncəyə kimi yarışda 1 idmançı ilə iştirak edəcəyimiz açıqlanmışdı. Abakarova və Əzizovanın zədə səbəbindən Qran-prini buraxacağı bildirilirdi.

 

Dekabrın 9-10-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq yarışda kişilərdən ibarət komandamızın şərəfini Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsaev (+80 kq) qoruyacaq.

 

Qadın taekvondoçular arasında komandalararası dünya çempionatı üçün açıqlanan heyətimizdə də dəyişiklik edilib. Ehtiyat idmançı kimi düşərgəyə cəlb olunan Nərgiz Mirzəyevanı Safiye Polat (49 kq) əvəzləyib. Komandamızın heyətində isə Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmi Uqink (73 kq) mübarizə aparacaq.

 

Dekabr 12-13-də eyni arenada təşkil olunacaq mundialda kişilərdən ibarət komandamızın heyətində də yerdəyişmə olub. Yığmamızın baş məşqçisi Reza Mehmandost iranlı legioner Məhəmməd Baqirini heyətə çağırmaqdan imtina edib. O, əvəzində ötən il Meksikada çempion olduğu idmançılara güvənəcək. Səid Quliyev yenidən düşərgəyə cəlb edilməsi ilə “altılıq”da nəzərdə tutulan dəyişiklik rəsmiləşməyib. Təcrübəli çalışdırıcı Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevin (+87 kq) gücündən faydalanmağa çalışacaq.

 

Qeyd edək ki, G8 kateqoriyalı Qran-pridə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, ilk “üçlük”də yer alacaq idmançılara müvafiq olaraq, 6000, 3000 və 1000 ABŞ dolları məbləğində pul mükafatı da veriləcək.

 

Turnirdə hər çəki dərəcəsi üzrə Ümumdünya Taekvondo Federasiyasının olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq.

 

Dünya çempionatı isə G2 kateqoriyalıdı. Burda qalib komandanın hər bir üzvü 20 xal da qazanacaq. Gümüş medalçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcəklər. Qaydalara əsasən kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan artıq olmamalıdı. Qadınlarda bu məhdudiyyət 318 kq-dı.

 

Həm kişilərin, həm də qadınların yarışında ayrı-ayrılıqda 8 komanda hərəsi 4 olmaqla iki qrupda mübarizə aparacaq. Yarışın qaydalarına görə, bir komandanın heyətində 2 legioner iştirak edə bilər.