15:47 09-12-2016
news_image
4438
FUTBOL

AFFA-nın komitə sədrinin dezinformasiya çıxan “eksklüziv”i – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun növbəti yalanı bu dəfə çox qısa, cəmi 4 gün çəkib. Apasport.az saytının məlumatına görə, dekabrın 5-də “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olan Məmmədov FİFA dərəcəli referimiz Əliyar Ağayevin UEFA-nın I kateqoriyasına yüksəldiyini müjdələmişdi.

 

Lakin o, bu “eksklüziv”lə sən demə, “Qarabağ” – “Qəbələ” matçındakı kobud hakim səhvlərini unutdurmaq, gündəmi dəyişmək məqsədi güdürmüş. Çünki UEFA-nın 2017-ci il üçün açıqladığı hakimlərin siyahısında Əliyar Ağayev II kateqoriyada göstərilib.

 

Maraqlıdı ki, Xaqani Məmmədov mətbuata açıqlamasında heç kimi aldatmadığını bildirib. Görünür, 4 gün öncə verilişdə dediklərini çox tez unudub, ya da həmişəki kimi, özünü sudan quru çıxarmaq üçün bu dəfə də mövsümün sonunu işarə edib. Unudanlar üçün isə Məmmədovun həftənin ilk günündə “Futbol saatı” verilişində Əliyar Ağayevlə bağlı verdiyi məlumatı bir daha xatırladırıq:

 

“Sizin veriliş vasitəsilə eksklüziv bir xəbəri verim. Əliyar Ağayev artıq UEFA-nın birinci kateqoriyasındadı. Yaxın günlərdə biz o siyahını alacağıq. Biz bu barədə UEFA-dakı dostlarımızla əlaqə saxlayırıq. Mən hesab edirəm ki, Tofiq Bəhramov, Eldar Əzimzadədən sonra ən böyük uğurumuzdu. Düzdü, mən də, Tahir də, Asim də dünya və Avropa çempionatının seçmə oyunlarını idarə eləmişik. Amma etiraf etməliyik ki, Əliyarın bugünkü uğuru hamımızın uğurudu. U-19-ların Avropa çempionatının final mərhələsində, Avroliqanın qrup mərhələsində 3 oyunda, dünya çempionatının seçmə mərhələsində idarəçilik edib. Artıq gələn il Əliyar UEFA-nın istənilən miqyasda, istənilən ranklı oyunlarını idarə etmək hüququna malik olacaq. Fevral ayında İspaniyanın Malaqa şəhərində elit və I kateqoriyalı hakimlər üçün toplantı olacaq. Əliyar da dəqiq orda iştirak edəcək”.