12:46 16-12-2016
news_image
5139
TOP OYUNLARI

“Əla formadayam” – Azərreyl”in yeni transferi

“Bir neçə təklif almışdım, amma sonda “Azərreyl”i seçdim”. Apasport.az saytının məlumatına görə, bunu Çernoqoriya millisinin voleybolçusu Tatyana Bokan deyib.

 

28 yaşlı voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək. Karyerasına Serbiya və Çernoqoriyanın “Luka Bar” (2004-2006) klubunda başlayan 185 sm boya malik hücumçu “Azərreyl”lə mövsümün sonunadək anlaşıb. Ölkəmizə gəlincə, “Spartak” (Serbiya, 2006-2010), “Friqorsarni” (İtaliya, 2010-2011), “Myulhaus” (2011-2013, 2014-2015), “Kann” (hər ikisi Fransa, 2013-2014) və “Hisamitsu” (Yaponiya, 2015-2016) klublarında forma geyinən Bokan Fransa və Yaponiya çempionluğunu qazanıb.

 

Çempionlar Liqasının I turunda Polşanın “Dabrova Qornitsa” klubu ilə oyunda debüt edən Bokan Bakı klubunu seçməsinin səbəbləri açıqlayıb. Onun sözlərinə görə, “Azərreyl”ə gəlməsində komandanın qitənin ən nüfuzlu klub turnirində mübarizə aparması rol oynayıb: “Çünki bu klubun heyətində Çempionlar Liqasında iştirak etmək imkanı qazanacaqdım. Bu yarışda da oynamaq ən böyük arzumlarımdandı”.

 

Son mövsümü Yaponiyada keçirən hücumçu mövsümün gedişində müqavilə bağlamasına da aydınlıq gətirib: “2,5 aydan sonra yenidən meydana qayıtdım. Bir az istirahət edib, sevdiklərimə vaxt ayırmaq istəyirdim. Bu üzdən qısa fasilə götürmüşdüm. İndi isə yenidən çalışmaq vaxtı çatıb”.

 

Ölkəsinin ən seksual voleybolçularından sayılan Tatyana “Azərreyl”dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın əsas məqsədi ölkə çempionu titulunu qorumaqdı.

 

Bokan Bakı haqda da xoş sözlər deyib. O qeyd edib ki, hər səhərini dənizə baxmaqla açır: “Bakı çox böyük və gözəl şəhərdi. Bütün böyük şəhərlərə bənzəyir. Ən əsası isə burada daim dənizin arxasından günəşin necə çıxmasını izləyirəm. Bu mənim çox önəmlidi. Çünki vətəndən uzaqda olduğum vaxt özün üçün nə isə axtarırsan ki, o sənə əlavə güc versin. Mən də bunu dənizdə tapıram”.

 

Çernoqoriyalı voleybolçu ölkəmizdə qarşılanmasından da razı qalıb: “Komandada şərait çox yaxşıdı. Qızlar da məni əla qarşıladılar. "Əla formadayam. Belə bir komandada olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, mövsümün sonunadək burada qalacam”.

 

Qeyd edək ki, bir gün öncə “Azərreyl”də debüt edən Bokan komandasına 9 xal qazandırıb.