12:24 26-03-2008
news_image
582
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “Amber” turnirində sonuncu pilləyə enib

Nitsa. Aqşin Əliyev-APA-Sport. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Fransanın Nitsa şəhərində keçirilən ənənəvi “Amber” turnirində uğursuzluqdan yaxa qurtara bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz yarışın 9-cu turunda yarım xalla kifayətlənib. O, hollandiyalı Lyuk van Veli ilə gözübağlı görüşdə məğlubiyyətlə barışıb. Eyni rəqibə qarşı rapid görüşündə isə Ş.Məmmədyarov heç-heçə oynayıb. Bu səbəbdən şahmatçımız mövqeyini əldən verərək 6,5 xalla sonuncu, 12-ci pilləyə düşüb. Turnirdə Ş.Məmmədyarov və L.Veli ilə yanaşı, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Vasili İvançuk (Ukrayna), Peter Leko (Macarıstan), Boris Qelfand (İsrail), Sergey Karyakin (Ukrayna), Levon Aronyan (Ermənistan) və Maqnus Karlsen (Norveç) də mübarizə aparır. Bu gün yarışda 10-cu turun görüşləri keçiriləcək. Təmsilçimiz ukraynalı Vasili İvançuku qara fiqurlarla gözübağlı, ağ fiqurlarla isə rapiddə sınağa çəkəcək. 11 turdan ibarət beynəlxalq yarış sabah yekunlaşacaq.