11:21 16-01-2017
news_image
3302
TOP OYUNLARI

Arda Turandan 3 xallıq atış

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan basketbolda da hünərini göstərib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin kapitanı ölkəsində təşkil edilən All Stars-2017-nin matçında iştirak edib.

 

Dünən Asiya və Avropa yığması arasında keçirilən qarşılaşmaya qonaq qismində qatılan ulduz futbolçu gözlənilmədən ikinci periodda meydana daxil olub. 10 nömrəli formanı geyinən Arda Avropa yığmasının oyun qurucusu qismində çıxış edib. Cəmi bir hissə mübarizə aparan 30 yaşlı futbolçu basketbolda da məharətli olduğunu nümayiş etdirib. Komandasına 7 xal qazandıran oyunçunun 3 xallıq atışının dəqiq olması zalda toplaşanları heyrətləndirib.

 

Bir epizodda “Beşiktaş”ın basketbolçusu Vladimir Stimaçın ona kömək etməsi gülüşlə qarşılanıb. Belə ki, Stimaç Ardanı qucaqlayaraq yuxarı qaldırıb və o da topu rahat şəkildə səbətdən keçirib.

 

Qarşılaşmanın bilet satışından əldə edilən gəlir şəhid ailələrinə veriləcək. Görüş isə Asiya yığmasının 140:135 hesablı qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov 2005-06 mövsümündə “Kayserispor”dan ayrıldıqdan sonra klubsuz qaldığı üçün basketbolçu kimi qüvvəsini sınayıb. Nəticədə yığmamızın kapitanı NTD-nin heyətində ölkə çempionu olub.