13:10 25-01-2017
news_image
3976
DİGƏR NÖVLƏR

"Bakıya cəmi 1 dəfə, pasport almaq üçün gəlmişəm"

Azərbaycan millisinin fiqurlu konkisürəni Varvara Oqloblinanın apasport.az saytına müsahibəsi

 

- Bu gün Avropa çempionatı start götürür. Yarışa necə hazırlaşmısız?

- Kifayət qədər intensiv hazırlıq keçmişik. Yükləmələrin həcimi böyük idi. Çünki üzləşdiyim xəstəlikdən sonra yarış formamı tez bərpa etməliydim. Yeni il tətilində 2 həftə qripdən əziyyət çəkmişdim. Xoşbəxtlikdən indi hər şey qaydasındadı.

 

- Adınız Varvara olsa da, Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasının (İSU) rəsmi saytında Vavara kimi göstərilir. Bu anlaşılmazlıq nə ilə bağlıdı?

- Bəli, səhv buraxıblar. Lakin bu heç də yeni pasport almağımla bağlı deyil. Orda hər şey düzdü. Amma məni İSU-nun sistemində qeydiyyatdan keçirəndə orda hərf səhvi düşüb.  


- Yarışda Mixail Jirnovla birgə mübarizə aparacaqsız. Çempionata nə dərəcədə hazırsız?

- Hazırlığımız yaxşı səviyyədədi. Məşqçilərimiz Svetlana Lyapina, Oleq Ovsyannikov, Kseniya Monko, quruluşçu xoreoqraflar Yelena Borisova, Evelina Petrovskaya və Tamara Proçnovanın əməyi sayəsində ciddi və keyfiyyətli iş görmüşük. Gördüyünüz kimi, bizim komandamız böyükdü.

- Qarşınıza hansı vəzifə qoyulub? Çexiyadakı Avropa çempionatında hədəf nə olacaq?

- Vəzifəmiz özümüz haqda layiqli və parlaq söz etdirməkdi. Bu bizim ilk ciddi yarışımızdı. Hələ ki, bu səviyyədə çıxış etməmişik. Ümumilikdə isə indiki partnyorumla 5-ci yarışımız olacaq.

 

- Minsk və Tallində keçirilən yarışlarda yüksək yerlərdə qərarlaşmışdız. Bu dəfə sizdən “altılığ”a düşməyi gözləmək olarmı?

- Yüksək yerlər uğrunda mübarizə aparmaq üçün formalaşmaq dövrü keçmək, təcrübə toplamaq, reytinqi qaldırmaq, hakimlər və texniki mütəxəssislərə tanış sima olmaq lazımdı. Bir sözlə, yalnız o haqda düşünürük ki, təmiz çıxış edib, üzərində çalışdıqlarımızın hamısını göstərək və publikanın xoşuna gələk. Yəni bu gün üçün maksimumu ortaya qoyaq.

- Özünüz də qeyd etdiz ki, Mixaillə cəmi 5 yarışınız olub. Onunla duetinizin nə dərəcədə formalaşdığını söyləmək olar?

- Mixaillə təxminən 2 ildi bir yerdəyik. Deyirlər ki, cütün vəhdət təşkil etməsi üçün 3 il birgə çalışması lazımdı. Biz artıq bir-birimizi mövsümün əvvəlində olduğundan yaxşı hiss edirik. Aramızdakı qarşılıqlı anlaşma isə birgə hazırlığa başlayan dövrdən hiss olunurdu.

 

- Siz bir qədər keçmişə qayıtdız. Həmin dövrü, yəni Azərbaycan millisinə cəlb oldunduğunuz vaxtı necə xatırlayırsız?

- Bu bizim Mişa ilə eyni cütlük təşkil etdiyimiz dövrə təsadüf etdi. Mən Ukraynadan Moskvaya, İrina Juk və Aleksandr Svinin qrupuna baxışa gəlmişdim. Həmin vaxt Jirnov da öz cütü ilə ayrılıb, yenisini axtarırdı. Biz internetdə buz üçün rəqslərdə partnyor axtarışı saytında bir-birimizi tapdıq. Dərhal da bizi eyni cütdə birləşdirib, Azərbaycan millisində çıxış etmək variantını təklif etdilər.

 

- Siz bu təklifi necə qəbul etdiz? Düşünmək üçün vaxt istədiz, yoxsa dərhal razılaşdız? Seçiminizdə nə rol oynadı?

- Əlbəttə, təklif üzərində ciddi düşünməli olduq. Çünki bu vətəndaşlığın, federasiyanın dəyişdirilməsi, həm də ki, ümumiyyətlə ciddi və çıxılmaz durumda atılan addımdı. Amma ən böyük yarışlara getmək imkanına görə bunu qəbul etməyə qərar verdik. Çox aşkar və yaxşı perspektivlər vardı.

 

- Maraqlıdı, Azərbaycanla başqa əlaqələriniz varmı? Ümumiyyətlə, Bakıda olmusuzmu?

- Mən yalnız bir dəfə Bakıda olmuşam. Çünki Azərbaycan pasportu almaq lazım idi. Bu, ötən payızda idi. Səfərdən çox xoş xatirələr qaldı. Şəhər çox möhtəşəmdi.

 

- Azərbaycanda fiqurlu konkisürmənin gələcəyini necə görürsüz?

- Mixaillə birlikdə hiss edirik ki, Azərbaycan fiqurlu konkisürməsinin gələcəyi ilə bağlı məsuliyyət müəyyən dərəcədə bizim də üzərimizə düşür. Ümid edirik ki, inkişaf davam edəcək və nəticələr layiqli olacaq. Əsas istək, düzgün və savadlı iş, zaman və əlbəttə ki, dəstəkdi.

- Avropa çempionatından sonrakı planlarınız necədi?

- Planlarımızda ilk sırada məhz bu gün start götürəcək yarışdı. Bundan sonra Moskvaya, daimi bazamız olan “Göy quş”a qayıdıb, gücləndirilmiş şəkildə işimizi davam etdirəcəyik.