16:27 26-01-2017
news_image
497
FUTBOL

Yığmamız San-Marino yolunda, meydan sahibi seçmə mərhələdə

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsini qəbul edəcək stadionların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın əsas ev sahibi İtaliya olsa da, San-Marino da həlledici mərhələnin görüşlərini qəbul edəcək.

 

Hətta turnirin matçları baş tutacaq 6 stadiondan ikisi “cırtdanlar”a məxsusdu. Bu üzdən yarışı İtaliya deyil, İtaliya və San-Marinoda keçirilən AÇ kimi də qələmə vermək olar.

 

Amma bir məqam da var ki, yalnız İtaliya seçmə mərhələdən azaddı. “Skuadra adzurra” final mərhələsinə meydan sahibi kimi qatılmaq hüququ qazanıb. “Cırtdanlar” isə bunun üçün Çexiya, Xorvatiya, Yunanıstan, Moldova və Belarusla mübarizə aparmalıdı.

Bu isə o deməkdi ki, AÇ meydan sahiblərinin biri olmadan baş tutacaq. Çünki san-marinolular üçün bu “altılığ”ı “Ölüm qrup”u da saymaq olar.

 

Final mərhələsi Bolonyanın “Stadio Renato dell Ara”, Reco-Emiliyadakı “Mapei Stadium”, Çezenadakı “Stadio Dino Manuzzi” və Udinedeki “Stadio Friuli”, həmçinin San-Marinodakı “San-Marino Stadium”da baş tutacaq. Bundan başqa San-Marinonun Doqana şəhərində də yeni arena inşa olunur.

 

Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan komandalar birbaşa AÇ-2019-a vəsiqə qazanacaq. İkinci yer sahibləri arasında ən yaxşı nəticəyə malik 4 komanda pley-offda son iki vəsiqənin sahibini müəyyənləşdirəcək. İtaliyanın da qatılacağı turnirdə 12 yığma mübarizə aparacaq.